Dünya çempionatının başlamasına cəmi beş gün qalmış İran milli futbol komandasının ABŞ-yə giriş vizaları təsdiqlənib.
Bununla həftələrdir davam edən viza böhranı aradan qalxıb və komandanın turnirdə iştirakı ilə bağlı əsas maneə həll olunub.
Sportinfo.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak sosial şəbəkə hesabında yaydığı açıqlamada İran millisinin futbolçularına vizaların verildiyini təsdiqləyib.
“ABŞ-nin Ankaradakı səfirliyində çalışan komandamızın gördüyü işlə fəxr edirəm. İdman sərhədləri aşır və biz dünyanın hər yerindən gələn idmançıları və azarkeşləri qarşılamağı səbirsizliklə gözləyirik”, – deyə Barrak bildirib.
Məlumata görə, futbolçuların vizaları təsdiqlənsə də, texniki heyət və bəzi inzibati əməkdaşların müraciətləri üzrə prosedurlar hələ də davam edir.
ABŞ rəsmiləri həmin şəxslərlə bağlı əlavə təhlükəsizlik yoxlamalarının aparıldığını bildiriblər.
İran tərəfi daha əvvəl vizaların gecikməsinin komandanın hazırlıq prosesinə mənfi təsir göstərdiyini açıqlamışdı. Bu səbəbdən milli komanda təlim-məşq bazası kimi ABŞ əvəzinə Meksikanın Tixuana şəhərini seçmişdi.
Çempionatın qrup mərhələsində İran millisi Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Komandanın qrupdakı bütün oyunları ABŞ-də keçiriləcək.

