Həmkarlarına “pulgir” damğası vuran idarəçi!

16:40 Problem 246
Həmkarlarına “pulgir” damğası vuran idarəçi!

Premyer Liqaya vəsiqə qazanan “Şəfa” transfer siyasətini dəyişib.

Ötən mövsüm I Liqada yerli futbolçularla çempionluğu bayram edən paytaxt təmsilçisi elitada eyni kursa güvənmək niyyətindəydi.

Lakin yeni baş məşqçi ilə aparılan danışıqlardan sonra vəziyyət 180 dərəcə dəyşib.

Elgiz Kərəmlinin yerinə dəvət olunan şəxs başbilənlərə açıq şəkildə bildirib ki, sırf azərbaycanlı futbolçulardan qurulacaq komanda ilə çempionatda qalmaq mümkün deyil. Hətta fakt olaraq 3 il əvvəl “Şamaxı”nın düşdüyü vəziyyət nümunə göstərilib.

Klub daxilində müzakirə aparılıb, götür-qoy ediblər və qərara gəliblər ki, 5-6 legionerin transferinə maliyyə ayrılsın.

Siyasi kurs dəyişikliyinə nə ad qoysalar yaxşıdır?

Azərbaycanlı futbolçular çox pul istəyir, onların tələb etdiyi maaşa əcnəbiləri gətirmək daha sərfəlidir.

Bu sözlərin müəllifi klubun yeni vitse-prezidenti Əfran İsmayılovdur.

Həmin Əfran ki, cəmi bir il əvvəl legioner limitinin ləğvi ilə bağlı söz düşəndə, məlum qərara mənfi reaksiya verib, “limit ləğv edilsə, olmayan futbolumuz da yoxa çıxacaq” sözlərini dilinə gətirmişdi.

İsmayılov həmin dönəmdə “Aaz-Naxçıvan”ın uğurları üçün çalışırdı. Yaxşı bilirdi ki, limitin ləğvindən sonra büdcəsinə görə öyünən “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” kimi rəqiblər əcnəbilərə meydan verəcək, “Araz-Naxçıvan” mübarizədən kənarda qalacaq. Ona görə də səsinin gur yerinə salmışdı.

İndi isə azərbaycanlı futbolçuların çox pul istəməsindən danışır. Yerlilərə pul verməkdənsə, əcnəbilərə bel bağlamaq məntiqinin aölabatan olduğunu deyir.

Əfran öz dövrünün ən perspektivli futbolçularından olub. Sağlığına qismət, “Qarabağ”da fantastik pullar qazanıb. Sonra da məhz PULA GÖRƏ “Qarabağ”ı atıb “Bakı”ya keçib, Azərbaycan millisində qalaq-qalaq mükafatlarla güzəranını yaxşılaşdırıb.

Görəsən, Əfran o dönəmdə Azərbaycana gələn legionerlərdən bir baş üstün olub daha yaxşı qazanmağı haqq edirdi?

Futbolçunun 10-15 il pul qazanmaq imkanı var. Bu müddətdə bacardığının ən yaxşısını etməyə çalışır ki, karyerasını başa vurandan sonra imkansızlıqdan qonşunun qapısını döyməsin. Necə ki, Əfran özü yastığının altını doldurmaqla özünə xoş güzəran qurub.

“Şəfa” yeni baş məşqçinin tələb və istəyi ilə legionerləşməyə razılaşa bilər. Hətta yerlilərin çox pul istəməsinə görə əcnəbilərə bel bağlamağa razılaşmaq olar. Anlaşılandır.

Amma vaxtilə özü də futbolçu olmuş biri yerli futbolçulara “pulgir” damğasını vurub, özünü klub rəsmilərinə bacarıqlı idarəçi qismində təqdim edirsə, o adamın “idarəçiliyinə” şübhə etməyə dəyməz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti