Qapısının ağzında maşın saxlayanlar cərimələnirmi? – AÇIQLAMA

08:10 Problem 81
Qapısının ağzında maşın saxlayanlar cərimələnirmi? – AÇIQLAMA

Küçədə öz evinin, həyət qapısının qarşısında və ya divarının yanında nəqliyyat vasitələrini saxlayan şəxslərin 80 manat cərimələndiyi deyilir.

Bəzi vətəndaşlar bildirir ki, onlara deyilib ki, maşını ancaq evin sərhədləri daxilində saxlamağa icazə verilir.

Maraqlıdır ki, parklanma ilə bağlı məsələ uzun illərdir qanunvericilikdə olmasına baxmayaraq nəqliyyat vasitəsi sahibləri deyir ki, yazılan cərimələr yenidir.

Onlar qeyd edir ki, 10 ildir avtomobilini məsələn, divarının dibində saxlayıb və heç bir problem olmayıb, indi isə cərimə yazılır. Avtomobil sahibləri buna səbəb kimi həyətlərinin kiçik olmasını göstərirlər.

Mövzu ilə bağlı ölkə.Az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobilləri yolu bağlayacaq şəkildə saxlanılması yolverilməzdir:

“Həyətlərdə avtomobillərin park edilməsi xüsusilə alternativ yollarda nəqliyyatın hərəkətinə təsir göstərir. Bəzi alternativ və məhəllədaxili yollarda hamı deyir ki, “evimin qarşısında saxlamışam”.

Hərə öz evinin qarşısında saxlayanda yanğınsöndürən, təcili tibbi yardım kimi operativ nəqliyyat vasitələri hərəkət edə bilmir. Bütün bunları nəzərə almaq lazımdır”.

Ekspertin sözlərinə görə, əgər nəqliyyat vasitəsinin saxlanıldığı yer dayanma-durmanın qadağan edildiyi yer deyilsə, burada hər hansı bir məhdudiyyət qoyula bilməz:

“Amma ümumi hərəkətə mane olursa, əlbəttə, cərimə yazılması haqlıdır.

Siz gecələr bəzi məhəllə yollarına çıxıb baxın, görün, nə vəziyyətdədir. Avtomobili harada gəldi atıb gedirlər. Gecələr bir faciə yaşansa, yanğınsöndürənlər oraya girə bilməsə, bütün məhəllə yanıb kül olacaq.

Həqiqətən bu istiqamətdə çox ciddi problem var. İndidən bununla mübarizə aparmaq lazımdır.

Adamlar da maşın alanda düşünməlidirlər ki, bunu harada saxlayacağam. Fikirləşməlidirlər ki, gedib onun-bunun qapısının ağzında saxlamamalı, yolunu kəsməməliyəm.

Pulun var getdin maşın aldın, bəs onu harada saxlayacaqsan?! Adını qoymusan həyət evi, amma həyətdən başqa hər şey var.

Ona görə də bu məsələdə avtomobillərin cərimələnməsini qınamıram. Hesab edirəm ki, yanaşma tam doğrudur. Maşın alıblarsa, zəhmət çəkib oun normal yerdə parklanmasını da təmin edə bilsinlər”.

E.Muradlı son olaraq əlavə edib ki, parkinq məsələsini eyni ərazidə yaşayan şəxslər bir araya gələrək həll edə bilərlər:

“Yığışsınlar məhəllədaxili bir iclas keçirsinlər, icra nümayəndəinə desinlər, digər qurumlarla razılaşsınlar, yer alıb parklanma yeri yaratsınlar, problemlər olmasın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti