«İndidən bu haqda danışmaq bir qədər tezdir, biz tələsmirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «İmişli»nin prezidenti Kamran Eyyubov deyib.
Premyer Liqada ilk mövsümünü keçirən klub qarşısına qoyulan məqsədə çatdı. Hədəf elitada qalmaq idi, ona da nail oldular.
30 tura 32 xal toplayan debütant hazırda turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb və «zirzəmi»yə enmək təhlükəsindən sığortalanıb.
Deməli, artıq növbəti sezonun planlarını qurmaq olar. Burada isə diqqətçəkən məsəl Jorj Kaşkilya ilə bağlıdır.
Ötən ilin yayında sükan arxasına keçən portuqaliyalının müqaviləsi 1 ay sonra bitəcək.
Belə məlumatlar var ki, baş məşqçi kontraktını uzatmağa bir şərtlə razıdır - özünün və köməkçilərinin əməkhaqqısı artrılısın. Klub rəhbərliyinin isə bu tələblə razılaşmadığı, o üzdən əməkdaşlığın davam etməyəcəyi deyilir.
İmişli rayonunu uzun illərdən sonra ölkənin futbol səhnəsinə qaytarmış K.Eyyubovun bu konteksdə söylədiyi fikirlərlə tanış olaq:
«Hələ mövsüm başa çatmayıb, qarşıda üç tur var. Komandamızın çempionatda qalması bu tur dəqiqləşdi.
Kaşkilya ilə çempionatın axırında görüşümüz olacaq. Həm mövcud nəticələr, həm də gələn mövsümlə bağlı müzakirələr aparacağıq.
Burada bir neçə mühüm məsələ var. Məqsədlər, planlar, komandanın formalaşması və digər mövzular.
Bunların hamısı çox vacibdir. Həmin görüş olmadan, baş məşqçinin fikrini dinləmədən nəsə söyləmək düzgün deyil.
Onsuz da, tələsən yerimiz yoxdur. Gözləmək lazımdır».

