“Futbolun qatili - Azərbaycan hakimi” - bu, “Neftçi” – “Qarabağ” oyununda stadionda hər iki komandanın azarkeşlərinin eyni anda səsləndirdiyi şüar idi.
Bir tərəfdə “Forza”, digər tribunada isə “İmarət” fanklubları oyun başlamazdan əvvəl birlikdə bu şüarı səsləndirdilər.
Bu cür hal çox nadir baş verir - iki rəqib komandanın ən çılğın azarkeş qruplarının eyni mövzuda birləşməsi üçün həqiqətən ciddi səbəb olmalıdır.
Bu fanqruplar normalda bir-birinə rəqib, hətta bəzən düşmən mövqedə olurlar. Lakin bu dəfə ortaq narazılıq onları eyni mövqedə birləşdirdi.
Bu fakt özü-özlüyündə Azərbaycan futbolunda hakimliyin hansı vəziyyətə gəlib çatmas;nı açıq şəkildə göstərir.
Hazırda hansı futbol mütəxəssisi ilə danışsaz, eyni fikri eşidirsiz: “Hətta 90-cı illərdə belə hakimlik olmamışdı”, “bu qədər zəif idarəçilik görməmişik”. Problem təkcə Premyer Liqada deyil.
Biz sadəcə, ən yuxarı liqalarda olan hakim səhvlərini görür və müzakirə edirik.
Halbuki U-10 liqasından başlayaraq Premyer Liqaya qədər bütün yarışlarda hakim idarəçiliyində ciddi problemlər mövcuddur. Oyunlar qeyri-peşəkar şəkildə idarə olunur və bu, artıq sistemli problemə çevrilib.
Bir zamanlar Azərbaycan hakimlik məktəbi regionda nümunə göstərilən sistemlərdən biri idi. Bu gün isə reallıq tam fərqlidir - nə Bakıda, nə də regionlarda sistemli hakim hazırlığı hiss olunur.
Əgər belə bir məktəb hələ də mövcuddursa, onun harada və necə fəaliyyət göstərdiyini görmək istərdik.
Mövcud vəziyyətdə ayrı-ayrı hakim səhvlərini müzakirə etmək artıq mənasını itirir. Çünki problem fərdi deyil, sistemlidir.
Bu gün bir komanda narazıdırsa, sabah digər(lər)i narazı olacaq. Çünki ortada sağlam təməl və ardıcıl inkişaf strategiyası yoxdur.
Ən təhlükəli məqam isə hakimlərin psixoloji vəziyyətidir. Təcrübəli futbol adamları oyuna baxan kimi yaxşı bilir ki, hakimlər oyunu idarə edərkən onların gözlərində qorxu hiss olunur.
“Səhv etsəm, birdəfəlik kənarlaşdırılacam”, “işimi itirəcəm” düşüncəsi hakimlərin qərarlarına birbaşa təsir edir. Halbuki hər bir peşə sahibi öz işini qorxu altında görürsə, səhv etməsi qaçılmazdır.
Son turlarda baş verən hadisələrə artıq “səhv” demək çətindir. Bu, daha çox idarəetmə böhranının nəticəsidir.
Əgər problemə kompleks yanaşılmasa, yaxın gələcəkdə daha ciddi problemlərin - daha kobud hakim səhvlərinin, hakimlərə qarşı fiziki təzyiqlərin və digər xoşagəlməz hadisələrin şahidi ola bilərik.
Sonda isə həmkarımız Elsəvər Məmmədovun sosial şəbəkədə paylaşdığı statusa və hakimlikdən uzaqlaşdırılmış Rauf Allahverdiyevin həmin “post”a yazdığı şərhin görüntüsünü təqdim edirik.
Bu dialoq mövcud vəziyyəti daha aydın şəkildə ortaya qoyur.
MƏNdən demək...

