Azərbaycan Kubokunda finalçılar məlum oldu.
Təəssüf ki, hər iki dueldə hakimlərin bərbad idarəçiliyi, anlaşılmaz qərarları yarımfinallara kölgə saldı.
İlk finalçı “Zirə“ -“ Turan Tovuz“ matçında müəyyənləşdi. Bu qarşılaşmanın taleyi birinci görüşdə həll olunmuşdu.
Hakim Əliyar Ağayev təcrübəsinə, illərlə daşıdığı FİFA referisi statusuna yaraşmayan kobud səhvlərlə nəticəyə təsirini göstərmişdi.
“Zirə“nin rəqib meydanında 2:0 qalib gəldiyi ilk matçda FİFA referisi “kor-kor, gör-gör“ deyəcəyimiz iki epizodda ədalətin sanki üzünə tüpürdü.
Hər iki epizodda “Zirə“nin qapısına penalti təyin edilməli olduğu halda, Əliyar Ağayev qayda pozuntusu qeydə almadı. Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda baş hakim heç VAR-a belə, çağrılmadı
. Beləcə, VAR-da oturan, “FİFA Elxan“ın sevimli kadrlarından olan Cavid Cəlilovla FİFA referisi, Çempionalr Liqasında oyun idarə edərkn baxıb fəxr etdiyimiz Əliyar Ağayev birləşib, bu matçda “Turan Tovuz“un haqqını yedi.
Nəyə görə, məqsədləri nə idi, bir özləri bilir, bir də Allah! Təbii ki, bu aşkar haqsızlıq Tovuz camiəsini coşdurdu.
Azareşdən klub rəhbərinədək. “Turan Tovuz“un sahibi, bu gün futbola öz biznesinin pulunu xərcləyən nadir iş adamlarından olan Ehtiram Quliyev oyundan sonra hakimlərin ünvanına “od püskürdü“:
“Futbolçularımın haqqını hakimlərə halal etmirəm!“. AFFA isə növbəti absurd addımı atdı:
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov baş hakimin hər iki mübahisəli epizodda səhv qərar verdiyini etiraf etdi, buna görə, həm Əliyar Ağayev, həm də Cavid Cəlilov 5 tur oyunlardan kənarlaşdırma cəzası aldı.
Buna rəğmən, “Turan Tovuz“a da 20 min manat cərimə kəsildi.
Beş min manat tovuz azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinnə, 15 min manat da klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verməsinə görə.
Söhbətə bax ha, AFFA-nın nüfuz və etibarlılığını qəsdən alçaldan…
Sual olunur, hakim göz görə-görə səhv qərarlar verib klubu yarışdan kənarda qoyur, çəkilən xərcləri, əziyyəti yerı vurur, bu, AFFA-nın nüfuzuna zərbə sayılmır, haqqı yeyilən adam oyundan sonra emosional vəziyyətdə etirazını bildirir, bu, AFFA-nı alçaldan açıqlama olur?
Cərimə də 15 min! Kim müəyyənləşdirir bu dozanı? Heç Cinayət Məcəlləsində təhqir və ya böhtana görə 15 minin yarısı qədər də cərimə cəzası yoxdur, siz bu başgicəlləndirici cərimələri hansı əsaslarla formalaşdırmısız?
Hələ AFFA-nın Əliyar Ağayevin səhvlərini izah etdiyi video-şərhə baxın.
Futbolçu nəticəsini nəzərə almadan düşüncəsiz hərəkət edib, bildik. Bəs AFFA-nın nüfuzunu düşünmədən onu zərbə altında qoyan sizin hakimlərin səhv qərarları düşüncəsizlik deyil?
Əliyar da, Cavid də 5 oyunluq cızalarını çəkib, yenə meydanda olacaq. Kuboku qazanmaq şansı əldən çıxan, xal itirən klublaırn haqqları isə heç vaxt geri qayıtmayacaq.
“Zirə“ praqmatik futbolu yaxşı bacaran komandadır. Cavab matçında 2 topluq üstünlüyü əldən vermədilər və nəticədə “Turan Tovuz“ üçün kubok mübarizəsi bitdi. Rəşad Sadıqovun komandası isə son 5 ildə üçüncü dəfə finalda oynayacaq.
Digər yarımfinal cütü daha çox final matçı statusuna uyğun gəlirdi. Valdas Damrauskasın “Sabah“ı “Qarabağ“ın illərdir davam edən hegemonluğuna son qoymaq üçün bu mövsüm layiqli rəqib kimi meydandadır.
Tərəflərin Respublika Stadionundakı ilk oyununu 21 min azarkeş izlədi ki, bu da son 10 ilin həm çempionat, həm kubok yarışmasında rekord göstəricidir.
Olduqca maraqlı alınan və 2:2 bitən ilk oyundan sonra cavab matçının daha gərgin keçəcəyi gözlənilən idi.
Üstəlik, “Qarabağ“ bir neçə gün əvvəl Premyer Liqa matçında da “Sabah“a uduzaraq, bu mövsüm çempionluğun əldən getməsiylə barışmışdı.
Azərbaycan Kuboku mövsümü titulla başa vurmaq üçün “Qarabağ”ın son şansı idi. Amma bu cür möhtəşəm oyuna da hakim “damğa“sını vurdu.
Rəvan Həmzəzadə elə əvvəldən “ip“i əldən verdi: ilk 17 dəqiqədə “Sabah“ın 3 oyunçusuna sarı vərəqə verəndə, düşündük ki, yəqin, “Qarabağ“ın rəqibini “baltalayacaq“.
Amma sonradan “val“ dəyişdi. Ya Həmzazadə əvvəldən “Sabah“a sarı vərəqələri paylamaqla “Qarabağ“a qarşı haqsız qərarları üçün sığortalayıcı balans hazırlayırdı, ya da atmosferə düşüb, başını itirmişdi.
37-ci dəqiqədə Mateuş Koxalskiyə göstərilən qırmızı vərəqə referinin ilk ciddi səhvi idi. Bu, bariz qol şansını əngəlləmək deyildi.
Cünki «Sabah»ın yarımmüdafiəçisi İvan Simiç toqquşmadan əvvəl artıq topu qapıya tərəf göndərmişdi. Koxalski isə topa çıxandan sonra ayaqlarını yığdı ki, rəqibə ciddi zədə yetirməsin.
Oyunun əhəmiyyətini, son vaxtlar hakimlərlə bağlı qalmaqalları nəzərə alıb, sarı vərəqə ilə məsələni yekunlaşdırmaq olardı.
Sadəcə, Rəhim Həsənovun video-carxında deyidiyi kimi, düşüncəsiz hərəkət - bu dəfə referidən!
«Qarabağ» 10 nəfərlə qol vurandan sonra gərginlik bir qədər də artdı. «Sabah» iki təmiz qolla hesabda önə keçdi. Son saniyələrdə isə meydanda aləm bir-birinə dəydi.
Kamilo Duranın cərimə meydançası daxilində qapı istiqamətinə ötürməsi Simiçin əlinə dəydi. Bu epziodla bağlı hakim-ekspertlərin mövqeyi fərqlidir: «penalti yoxdur» deyənlər də var, əksini deyənlər də.
Ötürmənin önünü bilavasitə kəsdiyi üçün bu, hücumun qarşısının alınması kimi dəyərləndirilməlidir.
Adətən, müdafiə tərəfinin oyunçuları mümkün penalti ehtimalını nəzərə alaraq, belə epizodlarda cərimə meydanında əllərini arxada gizlədir.
Simiç isə rahat halda əllərini yana açaraq topun qarşısını kəsdi. Və maraqlıdır ki hakimi VAR-a baxmağa da çağırmadılar. Belə kritik məqamda da hakim VAR baxmayacaqsa, o VAR niyə var?
Üstəlik, baş hakim Koxalskiyə verdiyi qırmızı vərəqəni heç olmasa, bu penalti qərarıyla sığortalaya bilərdi. «Sabah», onsuz da, bu mövsüm əla futbol oynayır, əlavə 30 dəqiqədə də azlıqda qalan «Qarabağ»a qələbə qolunu vura bilərdilər.
Lap vurmayasaydılar belə, dünya dağılmayacaqdı, bu qədər gərginlik də yaşanmayacaqdı. AFFA-nın qəraralara izahı isə bu dəfə fərqli oldu.
Rəhim Həsənov Rəvan Həmzəzadəni hər iki epizodda haqlı çıxardı.
Fikrimcə, AFFA ictimai təzyiqdən qorxdu Çünki «Neftci» və «Turan Tovuz»a qarşı hakim səhvləri etiraf olunduqdan sonra hamı AFFA-nın üzərinə yeridi ki. yaxşı, səhvi etiraf edirsiz, bəs əldən çıxan qələbəni, xalları kim geri qaytaracaq?
Bu dəfə Rəhim Həsənov da hakimləriylə yanaşı, özünü güllə qabağına verdi: Onsuz, etiraf edirik də söyülürük, qoy elə “hakim haqlıdır” deyib, söyülək, düşüncəsi ilə.
Beləliklə, uzun illər sonra «Qarabağ» mövsümü kuboksuz, titulsuz başa vuracaq. «Sabah» isə «qızıl dubl» etməyə yaxındır.
Nə «Sabah»ın, nə də «Zirə»nin hakim köməyinə ehtiyacı var. «Sabah» bu oyuna qədər ardıcıl 8 matçda «Qarabağ»a uduzmamışdı.
Dambrauskas bizim Qurban Qurbanov kimi əla məşqçidir.
İlkin Fikrətoğlu

