Taksi sürmək istəməyən yazıqlar

20:40 Problem 218
Taksi sürmək istəməyən yazıqlar

Ötən mövsüm “Neftçi” – “Sabah” qarşılaşmasında VAR-a cavabdehlik daşıyan Rauf Allahverdiyevdən xəbəriniz var?

Yoxdursa, deyim.

Ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğuldur. Əvvəl yaşıl meydanlarda qərar verən adam idisə, indi müştərilərin qərarlarını yerinə yetirir.

“Palms Sports Arena”dakı məlum qarşılaşmada Yuri Matiasın Coy-Lens Mikelsin ayağına zərbə endirməsinin fərqinə varıb baş hakim Əliyar Ağayevi VAR-a çağırmadığına görə AFFA rəhbərliyi onu hakimlikdən uzaqlaşdırdı. Dedilər, get, bir də buralarda görünmə.

Raufun məlum durumla üzləşməsi həmkarlarının canına vəlvələ salıb, qorxu yaradıb. Gecələr yatanda da Raufun taksi sürməsi yuxularına girir, bir anlıq özlərini onun yerinə qoyurlar.

Heç bir hakim isti yuvasından, yəni aylıq 3-4 min manatından olmaq istəmir. Həftədə 3-4 dəfə məşq, ayda 3-4 oyun və bu məbləğdə pul – nəyi pisdir ki?

Ona görə işin qulpundan bərk-bərk yapışmağa məhkumdular. Öz dilləri ilə desəm, Allah eləməsin, kiçik bir səhv hakimlikdən ömürlük uzaqlaşdırılmaq bahasına başa gələ bilər.

Yazıqları qınamayın. Vallah-billah, onlarlıq heç nə yoxdur.

Gözlərinin önündə Rauf Allahverdiyev boyda acı nümunə var.

Elə bilirsiniz, bu vəziyyətə düşmək, söyüş, qarğış sahibi olmaq özlərinə xoşdur? Yox, qətiyyən yox.

Sadəcə 5 manata görə məcburdurlar.

Sözə qulaq asmasalar, ya da xoşa gəlməyən hərəkətə (qərara) yol versələr, ya taksi sürməyə gedəcəklər, ya da karxanada daş atmağa.

Ona görə də ağızdakı düdükdən, əldəki bayraqdan, cibdəki vərəqələrdən maksimum dərəcədə faydalı yararlanmağa çalışırlar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti