Şeydayevin başına qapaz vurduğu Cəfərquliyev niyə özünü BİABIR EDİR?

16:00 Problem 242
Şeydayevin başına qapaz vurduğu Cəfərquliyev niyə özünü BİABIR EDİR?

MƏNdən demək…

Elvin Cəfərquliyev hələ də böyüyə, peşəkar futbolçunun tələb etdiyi səviyyədə davranmağa tam nail ola bilmir.

Onun üzərində çox çalışılıb, dəfələrlə izah olunub, tövsiyələr verilib, amma görünən odur ki, nəticə istənilən səviyyədə deyil.

26 yaşlı bir futbolçunun davranış və düşüncə baxımından daha yetkin olması gözlənilir. Təəssüf ki, bu baxımdan o, hətta Avropada yeni-yeni formalaşan 17 yaşlı futbolçuların belə, gerisində qalır.

Bu problem təkcə Elvinlə məhdudlaşmır. Ümumiyyətlə, yerli futbolçularımızın əksəriyyətində oxşar mənzərə müşahidə olunur.

Zehni inkişaf, düşüncə tərzi və özünü ifadə bacarığı zəifdir.

Ünsiyyət zamanı bunu açıq şəkildə görmək olur - fikirlərini aydın izah edə bilmirlər, istədiklərini düzgün çatdırmaqda çətinlik çəkirlər, bəzən isə ümumiyyətlə, anlama problemi yaşanır. Bu isə illərdir həll olunmayan sistemli problemdir.

Əsas səbəblərdən biri təhsilə və özünü inkişaf etdirməyə yetərincə önəm verilməməsidir. Oxumaq, mütaliə etmək, dünyagörüşünü artırmaq kimi vərdişlər formalaşmayıb.

Nəticədə futbolçu müəyyən səviyyəyə çatdıqdan sonra inkişaf dayanır. Halbuki müasir futbolda təkcə fiziki yox, intellektual inkişaf da vacibdir.

Meydandakı qərarvermə, intizam, davranış - hamısı düşüncə ilə bağlıdır.

Elvinin isə hələ də vaxtı var. 26 yaş futbolçu üçün kritik nöqtədir, amma eyni zamanda fürsətdir. Əgər peşəkar yanaşma sərgiləsə, qarşısında minimum 7-8 illik karyera var. Amma indiki yanaşma ilə bu müddətin maksimum 2-3 ilə enməsi real görünür.

Problem ondadır ki, o, keçdiyi yolu tez unudur. Hansı çətinlikləri adlayaraq hazırkı səviyyəyə gəldiyini, hansı əziyyətlər hesabına tanındığını sanki yaddaşından silib.Bu isə təhlükəli düşüncədir: “artıq maksimuma çatmışam” hissi.

Məhz bu nöqtədən sonra geriləmə başlayır. Peşəkarlıq yerini rahatlığa, əyləncəyə verir.

Halbuki əksinə, bu mərhələdə daha çox çalışmaq, daha çox əziyyət çəkmək lazımdır. Legioner həyatı yaşamaq, daha böyük klublara transfer olunmaq, daha çox qazanmaq istəyirsənsə, indi dayanmaq yox, sürəti artırmaq vaxtıdır.

Ramin Şeydayev ilə bağlı baş verən hadisə də diqqətdən qaçmadı. “Mix zona”da verdiyi müsahibə zamanı komanda yoldaşı Ramilin onun başına qapaz vurması ilk baxışda zarafat kimi görünə bilərdi.

Amma sonradan bu epizodun arxasında daha ciddi mesaj olduğu hiss olunur. Futbolda və ümumiyyətlə həyatda hər kəsə layiq olduğu münasibət göstərilir.

Bu cür davranışlar isə təsadüfi olmur – onlar müəyyən bir obrazın nəticəsidir.Əlbəttə, fiziki və ya aqressiv münasibət doğru deyil.

Amma bu cür halların baş verməsi futbolçunun kollektivdə necə qəbul edildiyini göstərən siqnaldır. Bu siqnalı düzgün oxumaq lazımdır. Əks halda, nəticələr daha ağır ola bilər – həm karyera baxımından, həm də şəxsi nüfuz baxımından.

Dəfələrlə nümunələr göstərilib. Afrikadan gələn futbolçuların hekayələrini oxumaq kifayətdir. Ac, susuz, yatmağa yeri olmadan böyüyən, küçələrdə gecələyən futbolçular əziyyətləri sayəsində milli səviyyəyə qədər yüksəlirlər.

Millimizin sabiq müdafiəçisi Usim Ndukanın saytımızdakı müsahibəsi dediklərimizə nümunədir. Onlar hər fürsəti son şans kimi dəyərləndirirlər.

Bu fonda Elvinin qarşılaşdığı problemlər çox kiçik görünür. Nə aclıq var, nə şəraitsizlik, nə də imkansızlıq. Sadəcə, yanaşma problemi var.

Bu gün gənc futbolçular üçün nümunə olmaq əvəzinə intizamsızlıq göstərmək, məsuliyyətsiz davranmaq doğru yol deyil. Ona edilən bütün iradlar, tənqidlər əslində onun xeyrinədir – daha yaxşı olması, daha çox qazanması, daha böyük səviyyəyə çıxması üçün edilir.

Sonda məsələ çox sadədir: ya bu siqnallardan nəticə çıxaracaq, ya da karyerasının ən məhsuldar dövrünü itirəcək. Əgər dəyişiklik olmasa, yaxın illərdə futbolu erkən tərk etmək real ssenariyə çevrilə bilər.

O zaman isə yaddaşlarda istedadlı, amma potensialını reallaşdıra bilməyən futbolçu kimi qalacaq. Seçim isə hələ də onun öz əlindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti