Elvinin sualı: “Cavanlığı indi etməyib, nə vaxt edəcəm?”

20:40 Problem 970
Elvinin sualı: “Cavanlığı indi etməyib, nə vaxt edəcəm?”

Tanıyanlar bilir, söz Elvin Cəfərquliyevdən düşəndə, Qurban Qurbanovun səbrinə həsəd apardığımı deyirəm.

Baş məşqçinin yerində olsaydım, şələ-şüləsini qollarının altına qoyub indi yox, çoxdan qapını göstərərdim.

Azərbaycan səviyyəsində əla futbolçudur, bu gün tayı-bərabəri yoxdur, daha çox çalışmaqla yaxşı işlər görə bilər. Ancaq savad, inkişaf və dünya görüşü baxımından “axsayır”.

Elvinin yaşında yeni ailə qurmuşdum, ağır məsuliyyətin altına girib jurnalistika sahəsində necə inkişaf edə biləcəyimi düşünürdüm. Soruşurdum, maraqlanırdım, oxuyurdum. Özümü yetişkin insan sayırdım.

“Başua” kimi, üzr istəyirəm, “bambılı” trendin arxasınca qaçıb “hayp” yığmağı düşünmürdüm.

Sosial şəbəkələrdə az qala hər dostun etdiyi paylaşımın altında şərh dürtüşdürmürdüm.

Gəzib-dolaşmağın, əylənməyin, kef etməyin yerini bilirdim. Elə edirdim ki, nə şiş yanırdı, nə də kabab.

Qurbanov onu əsas komandaya qaytaracaq, ya yox – bilmirəm. Bəlkə də mətbuatda yazıldığı kimi, yayda “Qarabağ”ı tərk edəcək.

Bununla da karyerasında ciddi eniş yaşanacaq, əvvəlki günlərini şamla axtaracaq, indiki bacarığından əsər-əlamət qalmayacaq, Qara Qarayevin “Neftçi”ylə “Araz-Naxçıvan”dakı dönəmini xatırladacaq.

Ancaq geriyə doğru atılan addım Elvini məyus etməyəcək. Əksinə, əlinə düşən sərbəstlik onu qanadlandıracaq, dost-tanışa daha çox vaxt ayıracaq, “başua”ların sayı artacaq.

“Qarabağ”da oynadığı müddətdə qazandığı pulların hesabına, sağlığına qismət, lazım olan şəraiti necə lazımdır qurub. Şöhrəti artıb, tanıyanları çoxalıb, ad-sanı Avropaya qədər gedib çıxıb.

Ona görə də bundan sonrakı həyat ona oyun kimi gəlir. Ona görə də istədiyi kimi davranır. Ona görə də Qurban Qurbanovun qadağalarını vecinə almır. Ona görə də “lazım deyiləmsə, satsınlar, gedim” deyir.

Düşünür ki, ömür bir dəfə verilib. Cavanlığı indi etməyib, nə vaxt edəcəm? Kefimi çəkib, istədiyim kimi yaşayım. Onsuz da pul özü gəlib məni tapacaq.

Və bu minvalla həyatını yaşamaqda davam edəcək. Bir gün itirəcək, bir gün qazanacaq. Bir gün yıxılacaq, bir gün qalxacaq.

Və bir gün başa düşəcək ki, Qurban Qurbanov onu ayaq üstə saxlamaq üçün atanın öz övladına etmədiyini ona edirdi. Onu qoruyurdu, bağışlayırdı, başa salırdı, yol göstərirdi. Bir gün bunları mütləq anlayacaq.

Bax, onda gec olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!