Füzuli Məmmədovun «Karvan»a təyinatından dörd ay ötür artıq.
«Karvan» onun gəlişindən bəri ən yaxşı oyununu «Zirə»yə qarşı keçirdi.
Ədalətli nəticə heç-heçə olardı. İlk hissədə «Zirə», fasilədən sonra ev sahibləri qol yollarında nəticə qazanmağa çalışdı.
Pedro Mateuş Füzuli Məmmədovun doğru seçimidir. Portuqaliyalı qapıçı son həftələrdə əla forma yığıb və bu matçda da komandasını bir neçə epizodda xilas etdi.
«Karvan» gələn mövsüm üçün də Pedronu sıralarında saxlaya bilsə, I Liqada bəlkə də qapısından top buraxmaz. Buraxsa da, çox az.
«Karvan»ın üzü, onsuz da, o yanadır. Premyer Liqanı tərk edəcəkləri artıq heç kimdə şübhə doğurmur.
Elita dəftərini vərəqləmək gecdir daha. Füzuli Məmmədov praqmatik məşqçidir.
O, «Mingəçevir»də sınaqdan keçirdiyi oyun yöntəmini «Karvan»da icra etdirə bilmir.
İkinci zonada basqı qurmaqla qayıdan topları ələ keçirmək və bir-iki xırda ötürmə ilə rəqibin cərimə meydançasına daxil olmaq tapşırığını yerinə yetirəcək səviyyədə oyunçusu yoxdur burada.
İki-üç legioner hardasa Premyer Liqaya yararlıdır, amma digərləri…
ELXAN

