Premyer Liqada ilk dəfə iştirak edən «İmişli» rekord qırmağa doğru gedir.
Artıq «heç-heçə xanası»ndakı rəqəm 11-i göstərir.
Sonuncu belə oyunu Şamaxıda keçirdilər. Baxımlı keçməyən qarşılaşma daha çox şahmat taxtasına bənzədi.
Rəqiblərdən hansı biri ilk qolu vursaydı, o da qalib gələcəkdi. «İmişli» belə bir imkanı yalnız son dəqiqələrdə əldə etdi, onda da top hədəfə düşmədi.
Di gəl, Jorj Kaşkilya «Şamaxı»nı tez-tez qayda pozuntusu etməklə tempi bilərəkdən aşağı salmaqda qınadı.
Bu, əslində, düzdür. «Şamaxı» hələ ilk hissənin ortasından etibarən yorğun görünürdü.
Bəllidir ki, həftəiçi «Qarabağ»la keçirilən ölkə kubokunun ¼ final mərhələsinin cavab matçında böyük güc itiriblər. Odur ki, tempi düşürməyə çalışmaları təbiidir.
Kaşkilyanın «Şamaxı»nı tənqid etməsini isə doğru saymıram. Adam öz gözündə çöpü görmür, başqasının gözündə tir axtarır. Guya, ev sahibləri bu yola əl atmasaydı, «İmişli» səfərdən qalibiyyətlə ayrılacaqdı.
Kaşkilya qorxaq məşqçidir. Onu yalnız öz postu maraqlandırır.
İstəyir ki, burada qalıb işləsin. Bu üzdən, nə özü «İmişli»yə normal futbol oynadır, nə də rəqiblərə bu imkanı yaradır.
Halbuki «İmişli» mövcud heyəti ilə daha yaxşı nəticələr əldə etməyə qadirdir. Bu komandada maraqlı futbolçular çoxdur.
«İmişli» rəhərliyi bu gün elan etsə ki biz onları satmağa hazırıq, avrokuboklara iddialı kublardan 1 saat sonra telefon zəngi alarlar.
MUSA

