Misli Premyer Liqasının debütantları “Karvan-Yevlax” və “İmişli”nin evdə qalibiyyətsizlik seriyası davam edir.
Sportinfo.az xəbər verir ki, hər iki komanda cari mövsüm doğma arenasında qələbə üzü görməyib.
“Karvan-Yevlax” son olaraq 21-ci turda “Araz-Naxçıvan”la bacarmayıb. Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
Bu, “Karvan-Yevlax”ın öz meydanında ardıcıl 10-cu məğlubiyyəti olub. Bölgə təmsilçisi yalnız ilk turda “Qəbələ” ilə heç-heçə edə bilib – 1:1.
Komandanın uduzduğu 10 görüşdən 4-də 0:2 hesabı qeydə alınıb, 6 matçda isə ev sahibləri qol belə vura bilməyiblər. “Karvan-Yevlax” rəqiblərini 6 dəfə Şamaxıda, 5 dəfə isə Yevlaxda qəbul edib.
Geridə qalan turda “Şamaxı” ilə qolsuz bərabərə qalan “İmişli” isə öz meydanındakı 11 matçdan 4-də (1-i texniki) məğlub olub, 7 dəfə rəqibləri ilə “sülh” bağlayıb.
Evdə 6 qol vuran imişlililər 11 dəfə (0:3 hesablı texniki məğlubiyyət istisna) mərkəzə dəvət olunublar. Komanda 2 dəfə Şamaxıda, 9 dəfə isə Qubada ev oyunu keçirib.
Hazırda “İmişli” 20 xalla 9-cu, “Karvan-Yevlax” isə 6 xalla sonuncu pillədə qərarlaşır.

