«İmişli»nin heç-heçə sayı son hesabat həftəsində səkkizə çatdı.
Aylardır qələbə nədir bilməyən debütant bu dəfə «Şamaxı» ilə qolsuz bərabərə qaldı.
Quba stadionu «İmişli»nin yeri deyil. Sentyabrdan bəri rəqiblərini burada qəbul edən komanda hələ 3 xal qazanmayıb.
Şeytanın qıçını nə vaxt sındıracaqlar, bunu proqnozlaşdırmaq da müşkül məsələdir.
Kaş ki, düz-əməlli, palçığa, gilə bulaşmayan bir meydançası olan stadion tapılardı, PFL «İmişli»nin ora köçməsinə icazə verərdi.
«İmişli»yə ən böyük yaxşılıq bu olardı indi. «Sabah»ın, «Qarabağ»ın, «Neftçi»nin demirəm, «Karvan»ın oynadığı qazon «İmişli»də olsaydı, biz çox fərqli nəticələrdən, qələbə seriyasından danışardıq.
Təəssüf, onlara «yaşıl işığ»ı heç kim yandırmır, demir ki, yazıqsız, bu qədər əziyyət çəkirsiz, gəlin bizim stadionda oynayın.
«Turan» rəqiblərini gah Tovuzda, gah Suraxanıda, gah da Sumqayıtda qəbul edir. Çempionatın təşkilatçısı olan qurum «Turan»ın istədiyi yerə getməsinə izn tanıyır, «İmişli»yə isə yox.
Görəsən, niyə? Bu ayrı-seçkiliyin səbəbini doğru-dürüst izah eləmirlər ki, biləsən.
İstənilən halda, «İmişli»yə dəyən zərbə hamını «tutur». Qubaya hansı komanda gəlirsə, o meydançanı görəndən sonra başını tutur, dad döyür.
Gərək buradan hansısa futbolçunun meyiti çıxsın, yaxud onu ömürlük şikəst edəcək hadisə baş versin ki, «İmişli»nin canı palçıqdan qurtarsın?
ELNUR

