Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” - “Araz-Naxçıvan” qarşılaşması (0:2) Azərbaycan futbol tarixində nadir rast gəlinən qalmaqalla yadda qaldı.
Yevlax təmsilçisinin doğma meydanda rəqibinə 0:2 hesabı ilə məğlub olduğu matçın son dəqiqələrində gözlənilməz hadisə baş verdi.
Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın ingiltərəli yarımmüdafiəçisi Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini iddia edərək, özbaşına meydandan çıxdı və birbaşa soyunub-geyinmə otağına yollandı.
Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur oldu.
Yevlax təmsilçisinin 6 xalla turnir cədvəlində sonuncu - 12-ci yerdə qərarlaşmasının «niyə»si buradan agah olsun gərək. I Liqa məşqçisini gətirib komandanın başına keçirənlər, yəqin ki, artıq peşman olublar.
Füzuli Məmmədova etimad göstərənlər qaş düzəltmək istəyirdi, o isə vurub göz çıxarmaqla məşğuldur.
15 ildən sonra elitaya dönmüş «Karvan»da anarxiyadır. Nədənsə burada çalışan məşqçilərlə futbolçular hörmətsiz davranır.
Vüsal Məsimovun əvəzlənmə qərarı ilə razılaşmayaraq sonadək meydanda qalması Azər Həşimovun dövründə baş vermişdisə, Rauf Rüstəmli ilə Qavi Tompsonun Füzuli Məmmədovun gəlişindən sonra etdikləri mənzərəni tam halda gözümüz önünə sərir.
«Araz»-la matçda 54-cü dəqiqədə sahəyə daxil olmuş Durrantın sonuncu hərəkəti göstərir ki, komanda daxilində atmosfer çox pisdir, oyunçular hazırkı çalışdırıcı ilə işləməkdən beziblər.
Üç aydır görəvdə olan F.Məmmədov onları özündən nətəhər küsdürübsə də, şans alan da, almayan da «üsyan» bayrağı qaldırıb.
Güman ki, bu «Neftçi»nin sabiq sükançısının gündəlik məşq proqramı, həmçinin hazırlıq əsnasında özünü bəzən sərt, bəzən kobud aparmasıyla əlaqədardır.
Hələ bura F.Məmmədovun onlara uyğun gəlməyən oyun modelini də əlavə etsək, hər şey aydın olar.
O, fiziki hazırlığa hədsiz önəm verən, futbolçularından topsuz qaçmağı tələb edən, taktikanı sırf müdafiə üzərində quran mütəxəssislərdəndir.
Rəqiblərdən asılı olmayaraq, qol vurmağın yolunu sırf əks-hücumlarda görən F.Məmmədov uduzduğu oyunlardan nəticə çıxarmayıb.
Başa düşməyib ki, geridə qalan müddətdə hansı səhvlərə yol verib. axı bu komanda ondan əvvəl heç də pis təsir bağışlamır, oponentlərinə ciddi müqavimət göstərir, çətinliklə məğlub edilirdi.
Aşağı-yuxarı həmin heyətdir, nə oldu da, baş məşqçi dəyişəndən sonra «Karvan» pisliyə doğru bu qədər dəyişdi?
ELNUR

