“Növbəti dəfə fərqli suallar verəcəksiz” – Onun komandasında problem var?

20:40 Problem 134
“Növbəti dəfə fərqli suallar verəcəksiz” – Onun komandasında problem var?

“Karvan-Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Qavi Tompson Sportinfo.az-a müsahibə verib.

- Komandanız Premyer Liqanın ötən turunda “Zirə” 0:1 hesabı ilə uduzdu. Niyə?

- Mübarizə davam edir. Sona qədər döyüşəcəyik. Vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik.

- Görünən odur ki, yeni baş məşqçi də problemi həll edə bilmir.

- Çalışırıq, mübarizə aparırıq, yekunda məğlub oluruq. Bu gün səfərdə oynamağımıza baxmayaraq, rəqibə çox qol şansı vermədik. Vurulan bir qola görə uduzduq. Halbuki bizim də əlverişli qol şansımız var idi.

- Komandada hansısa problem var, yoxsa meydanda planlarınızı yerinə yetirə bilmirsiniz?

- Heç bir problem yoxdur və istədiklərimizi etməyə çalışırıq. Sadəcə ya son anda nəsə alınmır, ya da hansısa məqamda səhvə yol veririk. Hər oyuna qələbə üçün çıxırıq.

- Düşdüyünüz durumdan çıxmağınız mümkün görünür?

- Riyazi cəhətdən şanslarımız qalırsa, sona qədər getməliyik. Hər şey öz əlimizdədir. İdmançı olaraq ən yaxşısına ümid edirik.

- Siz ümid etdiyiniz həftələrdə “Kəpəz”lə “Qəbələ” xal sayını artırır.

- Başa düşürəm. Onlara çatmaq üçün çalışırıq.

- “Karvan”ın rəqibi “Karvan”ın özüdür. Razısan bu fikirlə?

- Nə deyəcəyimi bilmirəm. Sonuncu pillədən qurtulmağa çalışırıq və bunun üçün mübarizə aparırıq.

- Növbəti rəqibiniz avrokuboklar uğrunda vəsiqə aparan “Araz-Naxçıvan”dır...

- Öz meydanımızda, azarkeşlərimizin önündə qalib gəlmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Başqa yolumuz yoxdur. Xallara ehtiyacımız var.

- Mövsümün əvvəlində ev oyunlarınızı Şamaxıda keçirəndə sən və digər komanda yoldaşların rəqibləri Yevlaxda qəbul etmək üçün səbrsizləndiyinizi deyirdiniz. Xeyli vaxtdır doğma meydanda oynayırsınız və hələ də orada qalib gələ bilməmisiniz. Şamaxıda oynamaq bundan daha yaxşı idi.

- Hər bir futbolçu öz azarkeşinin qarşısında oynamaq istəyir. Buna ümid edib arzumuzu dilə gətirirdik. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilməmişik. Ümid edirik ki, növbəti oyunda bunu onlara yaşadacağıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti