PFL və AFFA-nın muradı

15:00 Problem 120
PFL və AFFA-nın muradı

20-ci tur başa çatdı və biz nə qədər ciddi “ekosistem” qurulduğunun şahidi olduq.

Bir turda yaşanan problemləri sadalasaq, oxumağa hövsələmiz çatmaz.

Turun ilk oyununda heç bir marketinq, PR, təbliğat və konsert proqramı olmadan qubalı azarkeşlər — öz şəhərinin komandası olmamağına baxmayaraq - “İmişli” – “Qarabağ” oyununa axışmışdı.

Gözəl mənzərə yaranmışdı. İnsanlar “Qarabağ”ı, Qurban Qurbanovu görməyə gəlmişdi. Bəyənsəydilər, növbəti turlar üçün də 5–10 yeni azarkeş qazana bilərdik.

Amma oyunda nə desəniz baş verdi. Canlı yayımlanan oyuna baxmaq mümkünsüz idi. Meydançanın durumunu hamımız gördük.

Hakimin Kadiyə və Dioqo Almeydaya göstərdiyi qırmızı vərəqələrin səbəbini isə heç kim görə bilmədi. Əvəzetmələr zamanı 4-cü hakimin qaldırdığı tabloda rəqəmlər tərsinə idi - kimin çıxıb, kimin meydana daxil olduğunu ayırd etmək olmurdu.

Oyundan sonra “Qarabağ”ın baş məşqçisi, eyni zamanda İcraiyyə Komitəsinin üzvü haqlı olaraq meydanın vəziyyətindən şikayət etdi. Məşhur mahnıdakı kimi: “Səndən yar, sənə yar şikayətim var”.

Turun sonuncu oyunu da ilk oyun kimi qalmaqalla bitdi: sayılmayan qol, hay‑küy, çəkilişin keyfiyyətsiz olması və bir çox məqamlar qabardıldı.

Rəhim Həsənov hakimlərin tur ərzində verdiyi qərarları təhlil etdi, sonra çəkilişin CBC Sport-a aid olduğunu və dolayı yolla keyfiyyətsiz çəkilişə görə bəzi epizodların dəqiq görünmədiyini vurğuladı.

Hamı günahkar axtarır. Bununla biz heç nəyə nail olmayacağıq. Bir‑birimizi ittiham etməklə, günahı başqasının üzərinə atmaqla problemi həll etmək mümkünsüzdür.

AFFA PFL-i, PFL klubları, klublar hakimləri, hakimlər CBC Sport-u ittiham etməklə irəli addım ata bilməyəcəyik.

Biz hamımız futbol ailəsinin üzvüyük və ailədə problem varsa, onu kiminsə üzərinə atmaq doğru deyil. Əksinə, problemi gizlətmək və aradan qaldırmaq daha doğrudur. Əsl ekosistem də belə qurulur.

Quba Olimpiya Kompleksinin meydançasının durumunun yaxşı olmadığı hamımıza bəllidir. Amma problem təkcə həmin stadionla bitmir.

AFFA və PFL bayrağı altında keçirilən bütün liqalarda - U‑10 liqasından Premyer Liqaya qədər — ciddi infrastruktur problemləri mövcuddur. Bu, illərlə yığılmış problemdir və onu bir mövsümə həll etmək mümkünsüzdür.

Mən AFFA və PFL-ə tezliklə muradına çatmağı və daha yaxşı stadionlarda liqaları keçirməyi arzulayıram.

Murad demişkən… AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Murad Axundov deyəsən qurumun öz saytında yerləşdirilən xəbərləri də oxumur.

Sitat:
“Quba Olimpiya Kompleksi ‘İmişli’ tərəfindən sifariş olunmuşdu. PFL də bu stadiona baxış keçirərək orada futbol oynamağın mümkün olduğunu Lisenziya və Qeydiyyat Departamentinə bildirmişdi. Nəticədə həmin rəy əsasında kluba Premyer Liqada çıxış etmək üçün lisenziya verilmişdi.”

Diqqətlə oxusaydı, görərdi ki, “İmişli”yə ötən mövsümün sonunda Premyer Liqada çıxış etmək üçün güzəştli lisenziya verilib. Klub isə 13 sentyabr 2025-ci ildən etibarən Qubada rəqiblərini qəbul etməyə başlayıb.

PFL-də isə Murad bəyin bu səhv açıqlamasına cavab verən yoxdur. Bəlkə də bu dəfə elə düz edirlər. PFL-də çalışan peşəkarlıq səviyyəsi yüksək olan əməkdaşların səviyəsi fonunda bu cür deletant açıqlamaya cavab verməmək daya uyğundur.

Mehriban olun. Bir‑birinizi ittiham etməkdənsə, problemləri həll etməyin yollarını düşünün.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...