“Qurumun prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyev ötən il dekabrın 16-da ağır yol qəzasından sonra müalicəyə cəlb olundular. Hazırda hər ikisinin müalicəsi müsbət yöndə davam edir”.
Bunu Peşəkar Futbol Liqasının texnik-idman direktoru Elgiz Abbasov deyib.
Rəhbər şəxslərin yoxluğunda müvəqqəti prezident səlahiyyətlərini yerinə yetirən keçmiş həmkarımız Səmədovla Şahgəldiyevin hazırkı durumu barədə məlumat verərək, hər ikisinin yaxın həftələrdə işlərinin başında olacaqlarını bildirib:
“Elxan Səmədovun durumunda tibbi dinamik irəliləyiş müşahidə olunmaqdadır. Artıq ayağa qalxıb, addımlar atmağa başlayıb. Allahın köməkliyi ilə ən qısa zamanda bizimlə birlikdə olacaq.
Aslan Şahgəldiyevin müalicəsi ev şəraitində davam etdirilir. Düzdür, müəyyən fasilələrlə iş prosesinə cəlb olunur, adaptasiya olmağa çalışır. Ən qısa zamanda tam gücü ilə işinin başında olacaq.
Dekabrın 16-dan bu günə qədər bizə göstərdiyiniz mənəvi dəstəyə görə sizə təşəkkür etmək istəyirəm”.
Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
HƏBİB / SPORTİNFO.AZ