Simonyanın təhqiri – Əsl “eşşək”lik edən onun sülhə qarşı çıxan soydaşlarıdır

24 May 2023 03:20 Problem 858
Simonyanın təhqiri – Əsl “eşşək”lik edən onun sülhə qarşı çıxan soydaşlarıdır

Paşinyan hakimiyyətə yeni gəldiyi günlərdə azərbaycanlı politoloqlardan biri (gərək ki, Mübariz Əhmədoğlu) olduqca məntiqli bir şərh vermişdi. Düzdür, onun bu şərhi sosial şəbəkələrdə böyük lağlağı sunamisi yaratdı, amma o dövrdə bundan ağıllı şərhi heç kim vermədi.

Paşinyanın öz siyasətində Qərbpərəst və ya Rusiyapərəst olacağıı barədə suala siyasətşünas lakonik şəkildə belə demişdi: “Paşinyan ermənipərəst siyasət yeridəcək”.

O vaxtdan 4 il keçib. Bu gün tam aydınlığı ilə ortadadır ki, Ermənistanın baş naziri, ölkəsinin birinci vəzifəli şəxsi olan Nikol Paşinyan var gücü ilə ermənipərəst siyasət yeridir və o, bu siyasətini Qərbpərəst müstəvidə aparır.

Başqa sözlə, Paşinyan əmindir ki, indən belə Rusiyadan onun xalqına heç bir fayda yoxdur, Ermənistan Rusiya ilə can bir qəlbdə müttəfiq olaraq, daha doğrusu, onun federal subyektlərindən (məsələn, Kaliniqrad vilayəti kimi) biri kimi qaldıqca, nə erməni xalqı xoşbəxt olacaq, nə də Qarabağda yaşayan ermənilərin “miatsum” arzusu reallaşacaq.

Paşinyan və onun komandası bunu çoxdan anlayıb. İş quruca anlamaqla da bitmir, Ermənistanın Qərbdə olan havadarları da ona açıq-açıq deyiblər ki, rəsmi İrəvan Avropaya inteqrasiya etmək, erməni xalqını xoşbəxt və firavan görmək istəyirsə, Rusiyadan qopub “qoca qitə”nin, ucqar da olsa, bir parçası olmalıdır. Obrazlı desək, Avropanın böyük paytaxtları, xüsusilə də ABŞ və Fransa Ermənistana “onu burax, bana gəl” mesajı verirlər.

Bunu Rusiyada, Moskvada, Kremldə də yaxşı anlayırlar. Rus siyasiləri görürlər ki, Ermənistanın sidqi onlardan tamam-kamal sıyrılıb, pişim-pişimlə, şantajla, hədəylə yola gəlmir. Paşinyan və onun komandası Avropa yolunda hətta su boğazına çıxanda balasını ayaq altında qoyan meymun dəstiri kimi hərəkət edərək, “artsax” adlanan “bala”nı qurban verməyə hazır görünür.

Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti böyük ehtimalla səmimidir. Yuxarıda dediyimiz səbəblərə görə o, bilir ki, erməni xalqının “dənizdən dənizə böyük Ermənistan” utopiyası baş tutmayacaq, ermənilərin bu ideyanı gerçəkləşdirmək üçün heç vaxt yetərli gücü olmayıb və 44 günlük müharibədən sonra artıq əvvəlki gücün yarısı da qalmayıb. Baş nazir və komandası bu gerçəyi anlayıblarsa da, reallığı həmvətənlərinə başa sala bilmirlər. Müqavimət çox güclüdür.

Eyni zamanda Rusiya faktoru, Rusiyada və digər ölkələrdə yaşayan, müharibədə heç bir itkiyə məruz qalmayan, “erməni ideyası”ndan ötrü sadə erməniləri qırğına verməkdən pəksinməyən diaspor fəalları var. Özləri yüksək rifah və cah-cəlal içində yaşayan milyonçu, vəzifəli, şöhrətli ermənilər kasıb camaatın 18 yaşlı arıq balalarının hesabına “cüssəli” dövlət qurmaq istəyirlər.

Belə patriot-ideoloqlardan biri də Rusiyanın təbliğat ruporu olan Marqarita Simonyandır. Sülh sazişi ilə bağlı söhbətlərin intensivləşdiyi günlərdə hamı bir tərəfə olub, bu qadın başqa tərəfə. Onun sosial şəbəkədə paylaşdığı statusdan Paşinyana və ona dəstək verən erməni xalqına nifrət və təhqir tökülür. Olduqca destruktiv mövqedə olan Simonyan yazır: “Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıdı. Əslində, gözlənilən elə bu idi. Paşinyan məhz bunun üçün hakimiyyətə gətirilib. Bütün bunları əvvəldən demişəm. Sizlərə, onun kürkünü yalayanlara, ona səs verənlərə, meydanlarda arxasınca qaçan, mənə tonlarla təhqir və təhdidlər yağdırıb, məni “türk soxulcanı” adlandıranlara, sürü kimi liderinin arxasınca gedənlərə deyirəm, indi güzgüyə yaxınlaşın, öz üzünüzə tüpürün və ömrünüzün sonuna kimi Qarabağ eşşəyi olmağınız fikri ilə yaşayın. Siz elə eşşək olaraq qalacaqsınız. Amma bu dəfə Qarabağ eşşəyi ola bilməyəcəksiz”.

Göründüyü kimi, o və onun kimi adamlar bütün varlıqları ilə sülhə qarşıdırlar.

Bəs belələri nə istəyirlər? Gözlədikləri nə idi? Umurdular ki, meydana Ermənistanın bütün əhalisi qədər əli silah tuta bilən kişi çıxarmaq gücündə olan Azərbaycan sona qədər öz əzəli torpaqlarının işğalı ilə barışacaq, hələ ermənilərin “sürünən işğalı”na göz yumacaq, Naxçıvana, Goranboya, Tovuza, Qazaxa iddialarını sakitcə seyr edəcək? Düşünürdülər ki, daha bir 30 il keçəcək, artıq Qarabağın adını tutan olmayacaq, ermənilər də özlərini Qafqazın ən “vurub-tutan” milləti saymaqda davam edəcəklər, Gürcüstanı da qorxudub, təzyiq edib Cavaxetiyanı qoparacaqlar?

Bəli, eyforiyaya qapılmış ermənilər belə düşünürdülər. Elə “sülh” deyə-deyə hakimiyyətə gələn, hakimiyyətinin ilk aylarında həyat yoldaşı ilə birlikdə eyzən sülhdən danışan Paşinyan da elə düşünürdü. O, sülh müqaviləsinin zəruriliyindən danaşarkən nəzərdə tuturdu ki, aldığımız almışıq, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Şuşa, Kəlbəcər ermənilərdədir, məsələ bitib, ən pis halda sonuncu üç rayonu özümüzə saxlayarıq, yerdə qalanların xarabalıqlarını Azərbaycana verərik, sülh əldə edərik.

Amma o “sülh” alınmadı. 44 günün içində ermənilər Qarabağın dağlıq hissəsinə qısıldılar və Rusiya hərbi kontingentinin hesabına canlarını qurtardılar. Yeni gerçəkliyi ilk anlayan məhz Paşinyan oldu. Onun çevikliyi, manevrləri əslində erməniləri böyük və daha rüsvayçı məğlubiyyətdən qurtardı.

İndi simonyanlar Moskvanın, Parisin, Los-Ancelesin qışda isti, yayda sərin iqamətgahlarında otura-otura istəyirlər ki, Ermənistan və Azərbaycan arasında müharibə vəziyyəti davam etsin. Onlar anlamırlar ki, bu savaşı, intriqanı davam etdirməyə heç bir resursları yoxdur. Ermənistan iqtisadi, siyasi, hərbi, diplomatik planda dibdə olmaqla yanaşı, döyüşçü, əsgər baxımından da Azərbaycanın üçdə biri qədər qüvvəyə malik deyil. Ya İrəvan ziyanın yarısından qayıtmalıdır, ya da müharibə vəziyyəti davam edərsə, daha betər duruma düşəcək (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"