Ermənilərə hədə kimi xəbərdarlıq - “0 dövlətə bel bağlama!..”

21 May 2023 07:30 Problem 473
Ermənilərə hədə kimi xəbərdarlıq - “0 dövlətə bel bağlama!..”

“ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi təklif edir, bunun müqabilində isə təhlükəsizliyi təmin edəcəyi vədini verir”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya telekanalına müsahibəsində deyib.

“Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, bunun müqabilində amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu artıq rüşvətdir”, - deyə rusiyalı diplomat vurğulayıb.

Lavrov fikrinin davamında söyləyib ki, ABŞ-nin öz müttəfiqlərini tək qoymaq adəti var. “Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar ”Ərəb baharı"nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər... ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tək qoydu", - S.Lavrov xatırladıb.

Qeyd edək ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdəki həmin bazanın hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Həmçinin, Rusiya FTX-nin Sərhəd Xidməti Ermənistan ərazisində də xidmət təşkil edir.

Lavrov nə dərəcədə haqlıdır? ABŞ-a gerçəkdənmi bel bağlanası dövlət deyil, müttəfiqlərinə xəyanət edir? Bəs Rusiya? ABŞ daha etibarlı müttəfiq-tərəfdaşdır, yoxsa şimal qonşumuz?

Bəllidir ki, Moskvanın özü 1995-ci il Budapeşt Memorandumu ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yazılı zəmanət versə də, 2014-cü ildə Krımı ilhaq edib, indi də Ukraynanın başqa ərazilərini zəbt etmək üçün iki ildir işğalçılıq müharibəsi aparır. Yaxud 10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya sənədində V.Putinin imzası olsa da, sənədin 4-cü bəndi üç ildir yerinə yetirilməmiş qalır - erməni qanunsuz silahlı dəstələr hələ də Qarabağdadır. Şimal qonşumuz habelə Putinin imza atdığı 22 fevral 2022-ci il Moskva bəyannaməsinə əməl etmir - erməni separatçıları himayə eləməklə. Yerdə nə qaldı? Yəni Rusiya da verdiyi sözü tutan ölkə deyil.

Azad MƏSİYEV

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a dediyinə görə, dünyada maraqdan kənar addım yoxdur. “Rusiya da Birləşmiş Ştatları düşmən elan edib. Çünki Rusiya ilə yaxın olan ölkələri onunla üzbəüz qoyub. Gürcüstan nümunəsini qeyd etmək olar. Eyni zamanda, Ukrayna poliqona çevrildi. Yəni Rusiya ilə sərhəd ölkələrdən istifadə edilib. Ermənistan da oxşar ssenarini yaşamaqdadır”, - deyə ekspert vurğuladı.

Onun fikrincə, Amerika Paşinyanın “qaşına gözünə aşiq olmayıb” və bu dəfə Ermənistan qurban seçilib: “Nəticədə Amerika öz istəklərini formalaşdırır. Rusiya bu addımlara gec-tez cavab verəcək. Buna qədər Vaşinqton İrəvandan alət kimi istifadə etməyə çalışacaq”.

Yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq - Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin sözlərinə görə, Rusiyanın Gümrüdəki bazasını çıxarmaq Ermənistanın başı üçün deyil. Onun qənaətincə, bu qərar Paşinyanın siyasi intiharına bərabər olar.

F.Əliyev Moskva-İrəvan əlaqələrində müəyyən soyuqluq olduğunu qeyd edir, amma Kremlin lazım gələndə qaykaları sıxmağı bacardığını da söyləyir: “Ermənistan avropalı müşahidəçiləri sərhədə yerləşdirməklə heç nə əldə etmədi. Hətta Fransa səfirliyində hərbi attaşe yaradılıb, yenə də bu amillər onları rus asılılığından uzaqlaşdıra bilməz. Rusiya daha bir dəfə əlini Ermənistanın üstündən çəksə, bu ölkənin cəmi 9 min kv ərazisi qalacaq. Onların sərhədlərinə qarant rus hərbçiləridir. Heç zaman fransız, yoxsa beynəlxalq missiya bu səviyyədə ərazilərinə təhlükəsizlik zəmanəti verə bilməz.

İkincisi, Rusiya yaxınlaşmağa qoymaz. Ukraynaya yaxınlaşdıqda nəticələr göz qabağındadır, şəhərləri bombaladı. Ermənistan daha kiçik ölkədir, Gürcüstana 2008-ci ildə rus tankları girəndə Tiflisə çatmasına az qalmış dayandılar. Gümrüdə isə 102-ci baza hərəkətə başlasa, İrəvanda Erebuni aviabazasında bir-iki təyyarə havaya qaldırılsa, Paşinyan ağ bayraq qaldıracaq. Ona görə Lavrovun fikirlərini Ermənistana bir siqnal kimi dəyərləndirmək olar".

Digər Xəbərlər
Xəbər Lenti