Türkiyədəki seçkiyədək yenə Qarabağ müharibəsi olacaq?

28 Yanvar 2023 13:50 Problem 480
Türkiyədəki seçkiyədək yenə Qarabağ müharibəsi olacaq?

Regionda Azərbaycana ciddi təsir edən proses başlayır.

Söhbət Türkiyədəki seçkilərdən gedir.

Məlumdur ki, 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək. Siyasi təhlilçilərə görə, bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq.

Hətta belə ehtimallar var ki, 14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi, beynəlxalq təşkilatların xəbərdarlıq etdiyi kimi, Azərbaycanla Ermənistan arasında daha bir qısamüddətli müharibə olacağı da istisna deyil.

Bəzi siyasilərin fikrincə, may seçkisində NATO, ABŞ və Avropa çalışacaq ki, Ərdoğan hakimiyyətdən uzaqlaşsın, Türkiyə isə “soyuq savaş” dövründəki kimi “ikinci sort” dövlət statusuna qayıtsın. Bundan ötrü 2016-cı ilin iyulunda qardaş ölkədə arxasında Qərbin dayandığı uğursuz hərbi çevriliş cəhdinə də getdilər. İndi isə əslində Ərdoğanı hədəf seçməklə Türkiyənin özünü hədəf alıblar. Lakin bu zaman onlar qardaş ölkənin hətta NATO-nun hərbi cəhətcə iki qüdrətli dövlətindən biri olmasını nədənsə unudurlar. Azərbaycana gəldikdə, ölkəmiz Qarabağı erməni işğalından qorumaq üçün yetərli gücə sahibdir. Amma Ukrayna müharibəsinin nəticəsi regionda çox şeyi dəyişə bilər. Ərdoğan iqtidarından sonra yeni Türkiyə hakimiyyəti Bakıdan uzaqlaşa, Ermənistanla sərhədlər Bakının ərazi bütövlüyü şərtləri gözardı edilərək açıla bilər. Hətta Ərdoğanla imzalanan Şuşa Bəyannaməsi ləğv oluna, Türk Dövlətləri Təşkilatı ən yaxşı halda humanitar əməkdaşlıq formatına çevrilə bilər. Mümkün müharibədə hətta Azərbaycan umduğu siyasi dəstəyi almaya da bilər.

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, hazırda dünyada gedən proseslərə ciddi şəkildə təsir eləyən əsas hadisə Ukrayna müharibəsidir. Yeni dünya düzəninin formalaşmasında ən önəmli faktor məhz bu müharibənin nəticələridir: “Əlbəttə, Ukrayna müharibəsinin nəticələrinin Cənubi Qafqaza da təsirləri olacaq. Eyni zamanda Güney Qafqaz regionunda proseslərə təsir edəcək ikinci ciddi hadisə Türkiyədə may ayında keçiriləcək seçkilər, bu seçkilərin nəticələri olacaq. Ermənistanın da davranışları onu göstərir ki, bu iki hadisənin nəticələrini gözləyirlər. Tükiyənin son illər apardığı müstəqil siyasət, regionda önəmli aktora çevrilməsini görməkdəyik. Prezident Ərdoğana əlbəttə ki, beynəlxalq səviyyədə simpatiyalar olduğu kimi, eyni zamanda o, bir çox güclər tərəfindən sevilməyən dövlət başçısı statusundadır. Türkiyəni istəməyən xarici güclər Ərdoğanı sevmirlər. Heç təsadüfi deyil ki, 2016-cı ildə Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması üçün hərbi çevriliş cəhdi oldu. Bunun arxasında hansı güclərin dayandığı açıq şəkildə bilinir. ABŞ Prezidenti Co Bayden isə hələ seçki kampaniyasında bəyan etmişdi ki, Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmağa çalışacaq və bunun üçün müxalifətə dəstək verəcək. Ərdoğana qarşı bu münasibətin kökündə Ərdoğanın Türkiyəni lider dövlətə çevirməsi faktoru dayanır. Bir sıra güclər Türkiyənin lider dövlət statusunu həzm edə bilmirlər və onlara onların diktəsi ilə hərəkət edən asılı vəziyyətdə olan Türkiyə sərf edir. Türkiyə artıq 10-20 il əvvəlki dövlət deyil, müdafiə sənayesi sahəsində, texnologiyalar sahəsində son illər çox böyük uğurlar əldə edib. Bu uğurlar Türkiyəni daha güclü dövlət halına gətirib çıxarıb. Türkiyə ordusunun gücünə görə NATO-da ikinci güclü ordu statusu bu amilə görə daha da möhkəmlənib. 1990-cı illərin sonunda Türkiyə ordusunun tələbatının 20 faizi yerli istehsal tərəfindən qarşılanırdısa, indi bu rəqəm 80 faizin üzərinə qalxıb. Pilotsuz uçuş aparatlarının, zərbə dronlarının istehsalı da Türkiyənin nüfuzunu xeyli gücləndirib. Türkiyədəki daxili siyasi proseslərə artıq əvvəlki dönəmlərdə olduğu kimi, asan müdaxilə etmək mümkün olmayacaq. Baxmayaraq ki, hazırda Türkiyə seçkilərə çətin bir şəraitdə daxil olur”.

Politoloq qeyd etdi ki, inflyasiyanın yüksək olması Türkiyə üçün müəyyən problemlər yaradır. Xarici güclər və onlarla əlaqəli işləyən daxili siyasi qüvvələr çalışacaqlar ki, məhz bu amildən Ərdoğana qarşı istifadə etsinlər. İqtisadi problemlər seçkilərin nəticələrinə müəyyən qədər təsir eləyən amil olur: "Amma hazırda keçirilən rəy sorğuları və ümumi gedişata baxdığımızda, Ərdoğan və onun partiyası ictimai rəydə yüksək nüfuzunu qoruyub saxlayır. Ərdoğanın sabit elektorat dəstəyi var. Proseslərin bundan sonrakı gedişi və müxalifətin davranışları seçkilərin nəticələrinə təsir edəcək. Hazırda müxalifətin vahid namizədlə bağlı qərar verməməsi müxalifətin zərərinə işləyir. Eyni zamanda Ərdoğan həm seçkilərə qədər müəyyən iqtisadi məsələlərlə bağlı, o cümlədən beynəlxalq məsələlərdə müəyyən uğurlar əldə etmək imkanındadır. Bu amil də ona seçkilərdə əlavə səslər gətirə bilər. Müxalifətin səhvlərindən də maksimum istifadə edilməyə çalışılacaq ki, bu səhvləri artıq görməkdəyik. Seçkilərdə Ərdoğanın qalib olması şansı daha yüksəkdir. O ki qaldı Ərdoğan deyil, Qərbin dəstəklədiyi başqa bir namizəd qalib olacağı halda Azərbaycanla münasibətlərin indikindən mənfiyə doğru fərqli olacağına, Ermənistanla sərhədlərin açılacağına, bunu nəzəri cəhətdən söyləmək mümkündür. Lakin nəzərə alsaq ki, Türkiyə oturuşmuş köklü dövlətdir və türk xalqının da mövqeyi həlledicidir, o zaman bu ehtimalın çox az olduğunu söyləmək mümkündür. Türkiyənin oturuşmuş dövlət siyasətini hansısa şəxsin dəyişməyə cəhd etməsi onun üçün yaxşı nəticələnməz. Eləcə də kimsə məsələn, Şuşa Bəyannaməsini ləğv edə bilməz. Türkiyənin dövlət maraqları Azərbaycanla, digər türk dövlətləri ilə münasibətləri ən yüksək səviyyədə saxlamağı tələb edir. Bunu hazırda Prezident Ərdoğan yüksək səviyyədə təmin edir. Bu amil də Ərdoğana veriləcək səslərin sayının artmasına təkan verəcək amillərdəndir. Türkiyədəki seçkilərin bölgədəki proseslərə təsirinin olacağı isə bəllidir”.

O.Qasımov hesab edir ki, Türkiyədəki seçkilərə qədər Azərbaycanla Ermənistan arasında müharibə, yaxud Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması üçün əməliyyatların olması istisna deyil: “Azərbaycan cəmiyyəti bunu tələb edir. Ermənistan 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndini yerinə yetirmədiyi təqdirdə Azərbaycan adekvat addımlar atmağa məcbur qala bilər. Antiterror əməliyyatlarının keçirilməsi gözləniləndir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!