
“Napoli”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 3-cü turunda PSV ilə oyunda alınan ağır məğlubiyyətdən (2:6) sonra fikirlərini bölüşüb.
Matçda Neapol təmsilçisi hesabı açsa da, meydan sahibləri fasiləyədək iki qol vuraraq önə keçiblər.
İkinci hissənin əvvəlində PSV üçüncü qolu vurub. 76-cı dəqiqədə “Napoli” azlıqda qaldıqdan sonra daha üç top buraxıb və yalnız bir dəfə cavab verə bilib.
Sportinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı “Sky Sport”-a açıqlamasında məğlubiyyətin səbəblərini belə izah edib:
“Əlbəttə, məyusluq var, amma belə nəticələr heç vaxt təsadüfi baş vermir. Bu gecə baş verənlərdən maksimum fayda götürməliyik ki, daha güclü olaq.
Keçən mövsüm məhdud heyətə baxmayaraq skudettonu qazandıq. İndi isə Avropada oynayırıq, çoxlu yeni futbolçularımız var və hər şey daha çətindir.
Mövsümün əvvəlindən demişdim ki, bizi çox ağır yol gözləyir. Bu, Çempionlar Liqasıdır, burada səviyyə çox yüksəkdir, şikayət etməyə haqqımız yoxdur”.
“Napoli” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.