
UEFA-nın rəsmi saytı bu gün keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan) oyunu ilə bağlı yazı hazırlayıb.
Sportinfo.az həmin yazının tərcüməsini təqdim edir:
Çempionlar Liqasının üçüncü turunda hələ bir xal da itirməmiş "Qarabağ" səfərdə "Atletik"in qonağı olacaq.
"Atletik", UEFA Çempionlar Liqası 2025/26 mövsümündə ilk xallarını qazanmağa çalışacaq. Komanda Bilbaoda, ilk iki oyunda qələbə qazanmış "Qarabağ"ı qəbul edəcək.
Əvvəlki qarşılaşmalar
Komandalar tarixdə ilk dəfə qarşılaşacaqlar.
"Atletik"in Azərbaycan komandası ilə yeganə əvvəlki qarşılaşması 2015/16 mövsümünün Avropa Liqasının üçüncü təsnifat mərhələsində olub. Həmin vaxt basklar "Şamaxı" klubunu (o vaxtkı "İnter" - red.) keçmişdi – evdə 2:0 qalib gəlmiş, səfərdə isə 0:0 heç-heçə etmişdilər.
"Qarabağ" İspaniya klublarına qarşı keçirdiyi son beş oyunda qalib gələ bilməyib (2 heç-heçə, 3 məğlubiyyət). Bu oyunların üçündə ümumilikdə 8 qol buraxıb: 2019/20 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sevilya"ya qarşı evdə 0:3, səfərdə 0:2 səfərdə, bir il sonra isə "Vilyarreal"a qarşı evdə 1:3.
"Qarabağ" İspaniya klubu ilə ilk dəfə 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşmışdı. Həmin vaxt "Atletiko" ilə hər iki oyunda heç-heçə etmişdi – evdə 0:0 və səfərdə 1:1.
"Atletik"
"Atletik" Çempionlar Liqasının əsas mərhələsində sonuncu dəfə 2014/15 mövsümündə iştirak edib. Bundan əvvəl isə yalnız 1998/99 mövsümündə bu mərhələdə oynamışdı.
Komanda ilk dəfə Çempionlar Kubokunda (indiki Çempionlar Liqası) 1956/57 mövsümündə çıxış edib və o zaman 1/4 finala yüksəlib. Buna baxmayaraq, əsas mərhələdə keçirdiyi 14 oyundan cəmi 3-də qalib gəlib (4 heç-heçə, 7 məğlubiyyət).
"Qarabağ"
"Qarabağ" tarixində ikinci dəfədir ki, Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. İlk dəfə bu uğura 2017/18 mövsümündə nail olub. Həmin vaxt "Roma", "Çelsi" və "Atletiko" ilə eyni qrupda yer alan Azərbaycan çempionu sonuncu yeri tutmuşdu. Qrup mərhələsində qazandığı yeganə iki xalı "Atletiko" ilə oyunlarda əldə etmişdi.
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində iştirak etmiş yeganə Azərbaycan klubudur.
Bu, "Qarabağ"ın avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində 8 oyundan 7-də məğlub olub, cəmi 1 qələbə qazanıb və 36-cı yeri tutub.
Əsas statistika
"Atletik" tarixində ilk dəfədir ki, ardıcıl dörd avrokubok oyununda məğlub olub. Bu mövsümə "Arsenal"la evdə 0:2 və Dortmund "Borussiya"sına səfərdə 1:4 hesablı məğlubiyyətlə başlayıb.
"Qarabağ" ümumi mərhələnin startında səfərdə "Benfika"nı 3:2, evdə isə "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib. Bunlar komandanın turnirin əsas mərhələsindəki ilk qələbələridir.
Seçmə mərhələ də daxil olmaqla, "Qarabağ" bu mövsüm Çempionlar Liqasında keçirdiyi 8 oyunun 7-də qalib gəlib, yalnız 1 dəfə uduzub.
"Qarabağ" son beş Çempionlar Liqası oyununda 15 qol vurub.