
«Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov maraqlı təklif irəli sürüb.
30 ildən artıqdır futbol sektorunda fəaliyyət göstərən funksionerin irəli sürdüyü təşəbbüs 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatı ilə əlaqədardır.
Azərbaycan və Özbəkistanın birgə təşkil edəcəyi mundialla bağlı ideya verən təcrübəli idarəçi Sportinfo.az-a bildirib ki, AFFA təcili iki yeni komanda formalaşdırmalı, onların I Liqada və II Liqada iştirakını təmin etməlidir:
«FIFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Bu, Azərbaycan adına bir ilkdir və böyük hadisədir. Cənab Prezident İlham Əliyevin uğurlu idman siyasəti sayəsində FİFA ölkəmizin Özbəkistanla birgə dünya çempionatını keçirməsinə qərar verib.
Əlbəttə, indi hər bir futbol adamının üzərinə əlavə məsuliyyət düşür. Biz gərək vəziyyəti düzgün qiymətləndirək.
Mən təklif edərdim ki, AFFA yenetymə və gənclərdən ibarət iki komanda yaratsın. Onların I Liqa və II Liqada müsabiqədənkənar çıxış etməsi təmin olunsun.
Həmin komandaların əsası Premyer Liqada mübarizə aparan klublara məxsus oyunçulardan formalaşdırılmalıdır. Premyer Liqada bu mövsümdən legioner limiti tətbiq olunur və yaxın illərdə onun ləğvi gözlənilmir.
Odur ki, əksər gənclərin ölkənin əsas çempionatında özünü göstərmək şansı yoxdur. Gəlin, real danışaq - nəticə qazanmaq məqsədi olan hansı klub təcrübəsiz gənclərə şans verər?
AFFA həmin futbolçuların siyahısını hazırlasa və onların arasında seçim etsə, heç kim etiraz bildirməz. Bir halda ki onların Premyer Liqada forma geyinmək ehtimalı çox azdır, klublar narazılıq eləməz.
Federasiya o futbolçularla iki illik müqavilə bağlasa və gələn mövsümdən I Liqa və II Liqada çıxış etmələrinə razılıq versə, dünya çempionatına hərtərəfli hazırlıq görmüş olar.
Dünya çempionatı başa çatandan sonra bu futbolçular yenidən məxsus olduqları klublara qaytarılarlar. AFFA rəhbərliyi futbolu ən azı bizim qədər istəyən insanlardır.
Azərbaycanın 2027-ci ildə keçiriləcək çempionatda yaxşı mübarizə aparması, düşünürəm ki, AFFA-nı çox maraqlandırır.
Bizim üçün «Şəfa» nümunəsi var. Vaxtilə AFFA 90-cı illərin axırında aşağı yaş qrupları üzrə millilərin bazası olaraq «Şəfa»nı yaratmışdı.
Həmin dövr deyil və yeni AFFA rəhbərliyi bu təcrübədən bir qədər fərqli formada istifadə etsə, bundan yalnız futbolumuz qazanar.
Mən təklif edirəm ki, I Liqa və II Liqada yarışacaq hər iki komanda AFFA-nın Məşqçilər Komitəsinin üzvlərinin nəzarətində olsun.
Komitənin üzvlərinin bu prosesdə yaxından iştirakını vacib sayıram. Onların məslhəti ilə bu komandalara təcrübəli mütəxəssislər cəlb edilsə, lap yaxşı olar».