
Ukrayna millisinin yarımmüdafiəçisi Oleq Oçeretko ölkəsində “tribuna.com” saytına müsahibəsində DÇ-2026-nın seçmə mərhələsində İslandiya (5:3) və Azərbaycan (2:1) milliləri ilə keçirilən oyunları dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı oyunçu həmin matçlardakı qələbənin komandaları üçün böyük önəm daşıdığını söyləyib.
– İslandiya və Azərbaycanla oyunların çox vacib və emosional olduğunu hiss edirdiniz?
– Bəli. Çünki bizə mütləq qalib gəlmək lazım idi. Oyuna döyüş ruhu ilə çıxmalı və qələbə üçün mübarizə aparmalı idik.
– Oyunlardan əvvəl həyəcan var idi?
– Bəli, bir az var idi.
– İslandiya ilə matçın 88-ci dəqiqəsində Bondarenko topu geri atanda zərbədən əvvəl sizdə hansı fikir yarandı?
– Bondarenkoya qışqırırdım, “ötürmə ver”, deyirdim. Məni eşitdi, zərbə üçün boşluq gördüm və yaxşı vurdum. Həm sevinirdim, həm də bir növ şokda idim ki, qol vurdum. Hər şey eyni anda baş verdi, qəribə hiss idi.
– Azərbaycanla qarşılaşmanın son dəqiqələrində isə emosiyalar bir az fərqli idi. Malinovski başını tutmuşdu, gərginlik hiss olunurdu. O anda ehtiyat oyunçular skamyasından vəziyyət necə görünürdü?
– Hər kəs emosional vəziyyətdə idi. Hamı həyəcanlanmışdı və yalnız bu oyunu qazanmaq istəyirdi. Çətinliklə də olsa, buna nail olduğumuz üçün dərin nəfəs aldıq.