
«Sabah»ın sabiq baş məşqçisi Elşad Əhmədov yenidən Premyer Liqaya dönə bilər.
Qeyri-rəsmi məlumata görə, beş il öncə Masazır klubunda işləmiş mütəxəssis «Karvan»ın sükanı arxasına keçməyə real namizəddir.
«Bayquşlar»ın elitada ilk çalışdırıcısı kimi tarixə düşmüş Əhmədov əslən yevlaxlıdır. Doğma rayonunun təmsilçisinin rəhbərliyi ilə yaxın münasibəti var.
Deyilənə görə, o. «sarvanlar»ın idarəçiləri ilə son vaxtlar bir neçə dəfə görüşüb. Belə görüşlərin biri Mingəçevirdə baş tutub.
E.Əhmədovun axırıncı iş yeri «Neftçi» olub. O, «ağ-qaralar»ın futbol akademiyasında baş koordinator vəzifəsini tutub və 4 ay öncə buradan ayrılıb.
Adil Şükürova qapını göstərən «Kəpəz»dən sonra Yevlax təmsilçisi də Azər Həşimovla vidalaşmağın biraddımlığındadır.
13 il sonra elita səhnəsinə dönmüş klubun rəhbərliyinin onun fəaliyyətindən narazı olduğu deyilir. Futbolçuların da gənc çalışdırıcının işini bəyənməməsi barədə xəbərlər dolaşır.
Böyük ehtimalla, yaxın günlərdə bütün bu söz-söhbətlərə aydınlıq gələcək. Komandadaxili iclasın keçiriləcəyi gözlənilir.
«Karvan» ilk səkkiz turda 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ