Qurban Qurbanov: "Çox riskə getdik, “Atletik"ə məğlub olmaq istəmirdik"

22 Oktyabr 23:30 Qarabağ 718
Qurban Qurbanov: "Çox riskə getdik, “Atletik"ə məğlub olmaq istəmirdik"

"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

"Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar.

Oyun yaxşı alındı. Ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi.

Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq.

Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar.

Futbolçularımız üçün bu, asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq.

Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir və məsuliyyət böyüyür".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM