Bu rayonun stadionunda 1 traktor saxlayıb, xarabalığa çevirdilər

1 İyul 2022 14:00 Problem 833
Bu rayonun stadionunda 1 traktor saxlayıb, xarabalığa çevirdilər

Şövkət Orduxanovun adını daşıyan Qusar rayon stadionunda yenidənqurma işlərinin nə vaxt bərpa olunacağı məlum deyil.

Bu barədə Sportinfo.az-ın arenaya baş çəkən əməkdaşına yaxınlıqda yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, 4 il öncə sökülən idman qurğusunun satılacağına dair şayiələr var. Belə ki, stadionun yerində yaşayış massivinin və ticarət mərkəzinin inşası haqda xəbərlər dolaşır.

Rayonun mıərkəzində yaşayan sakinlərin bildirdiyinə görə, bir müddət əvvəl iri texnikalar buradan aparılıb, arazidəki yalnız bir traktor qalıb.

Həmçinin tikinti materialları başqa yerə daşınıb. Yaxınlarda bir neçə iş adamı yerlə bir edilən, xarabazarlığa bənzəyən stadiona gəlib, ölçmə işləri aparılıb.

Artıq ərazinin yaxınlığında hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Burada 1 sot torpağın qiyməti 15-20 min manat arasında dəyişir.

Bir daha xatırladaq ki, “Qusar” Şövkət Orduxanovun adını daşıyan stadionu uzunmüddətli icarəyə götürmək istəyir.

Region Liqasında mübarizə aparan klub bu məqsədlə Qusar İcra Hakimiyyətinə müraciət edib. Tərəflər arasında bununla bağlı görüş və müzakirə olub.

Stadion hazırda “Azərenerşi”ASÇ-nin sabiq prezidenti Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan 2018-ci ilin əvvəlində təmirə bağlanıb və indi burada "bayquş ulayır".

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Budur, aradan neçə il keçib, "Şövkət Orduxanov"da daş daş üstünə qoyulmayıb. Hhər tərəf "tikinti qəbirstanlığı"nı xatırladır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur.

Təəssüf ki, Etibar Pirverdiyev şəxsi maraqlarını yenə ön planda tutur. Vəzifədən uzaqlaşdırılandan sonra meylini mal-qara fermasına salan keçmiş "Azərenerji" şefi qarşı tərəfdən stadiona xərclənən pulu istəyir.

Özü də şişirdilmiş rəqəmlərlə. Pirverdiyev iddia edib ki, inşaata indiyədək bir neçə milyon manat vəsait ayırıb, halbuki görülən işlərin miqyası heç də bunu demir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti