Turan Manafovun Yunanıstan macərası başa çatdı.
Yanvarda “Səbail”in “Olimpiakos Volos”a icarəyə verdiyi futbolçu artıq Bakıya qayıdıb.
Səbəb klubda baş qaldıran maliyyə problemi və özbaşınalıqdır. Rəhbərlik legioner futbolçulara müqavilədə nəzərdə tutulan pulu verməkdən imtina edir.
Daha doğrusu, gözləməyi məsləhət görür ki, səbrli davranmaq istəməyənlərə qapının açıq olduğu bildirilir.
“Səbail”də aylıq 1200 manata oynayan Turan qədim Ellada torpağına yaxşı şərtlər arxasınca yollanmışdı. Belə ki, “Olimpiakos Volos” həmyerlimizə kifayət qədər yaxşı əməkhaqqı təklif etmişdi.
U-21-in sabiq üzvü 3 aylıq müqavilə üçün 12500 avro (təxminən 25000 manat), üstəgəl, ay ərzində meydana çıxdığı oyunlar, vuracağı qollar və verəcəyi qol ötürmələri üçün xüsusi bonuslar qazanmalıydı.
Qısası, “Səbail”də qazandığından 6-7 qat çox məbləğ əldə etməliydi.
Yunanlar vədinə xilaf çıxdığından Manafov ali futbol qurumlarına şikayət edərək Bakıya qayıtmağı qərara alıb.
Solaxay futbolçu zədəsini sağaldıb, mövsümün qalan hissəsində formada qalmaq üçün “Səbail”in düşərgəsində məşq edəcək. Lakin qaydalara əsasən rəsmi oyuna çıxa bilməz.
Turan Manafov yanvarın 20-də müqavilə bağladığı klubda olduğu son 2 ayda cəmi 4 rəsmi oyunda meydana çıxıb. Onun “Səbail”lə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

