«Azərbaycan futbolunda ciddi problemlər var. Bunu hamı görür, sadəcə, kimlərsə susur, dinmir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Qazaxıstan «Turan»ının məşqçisi Vaqif Cavadov deyib.
Vladimir Qazzayevin dəvəti ilə cari ilin əvvəlində adıçəkilən ölkədə işə başlayan sabiq hücumçu son günlər milli ətrafında gedən hadisələrə reaksiya verib.
Ölkəmizin bir nömrəli komandasının Malta səfəri çərçivəsində həm yerli, həm də Latviya yığması ilə keçirdiyi yoldaşlıq matçlarını məğlubiyyətlə başa vurmasına biganə qala bilməyən Cavadov bunları söyləyib:
«Biz nə qədər susacağıqsa, problemlər bir o qədər artacaq. Hər şey uşaq futbolundan başlayır.
Valideynlə məşqçilər arasındakı söhbətlərə, uşaqlardan nəyinsə tələb olunmasına son qoyulmadıqca, futbolumuz heç vaxt düzəlməyəcək.
Bu da ondan irəli gəlir ki, uşaq futbolunda işləyənlərin bəziləri heç futbolu bilmirlər. Onlar ona görə bura gəlirlər ki, uşaqların valideynlərindən böyük məvacib alsınlar.
Bu, geniş yayılmış bir haldır və onu nə qədər tez aradan qaldırsaq, irəli gedəcəyik. Belə hallara susmaqla, «futbolumuz yaxşıdır» deməklə heç nəyə nail olmayacağıq.
Oradan milliyə gəlsək, ötən iki il göstərdi ki, Canni De Byazi bizə uyğun deyil. Biz bəlkə də yanılırıq və ola bilər ki, o, yaxşı məşqçidir.
Amma De Byazinin buradakı nəticələri futbolumuza yaxşı nəsə vəd eləmir. Bunu nə qədər tez anlasaq, millidəki futbolçularımız indiki səviyyədən aşağı düşməyəcək.
Qoy sınmasınlar. O həddə çatdırıblar ki, bəziləri heç milliyə getmək də istəmirlər. Onları tənqid etməsinlər deyə.
De Byazinin komandaya çağırdıqları oynamırlar. Çünki bu adam nə danışdığını bilmir. Amma hələ də oradadır.
Biz milliyə can atırdıq, ağlayırdıq, çalışırdıq ki, əsas heyətdə oynayaq. İndikilər əvəzetmədən də meydana çıxmaq istəmirlər.
Bəzilərinin gəlmək fikri yoxdur, yenə də çağırırlar. Karlos Alberto Torresin, Berti Foqtsun, Şahin Diniyevin, Qurban Qurbanovun vaxtındakı o ruhu yenidən milliyə qaytarmalıyıq.
Elə atmosfer yaradılmalıdır ki, futbolçular milliyə, rəhbərliyə, ölkəyə görə mübarizə aparsın. Bu da ab-havadan asılıdır.
Kiməsə elə gələ bilər ki, mən indi Qazaxıstanda işləyirəm deyə, bu sözləri söyləyirəm. Mən bunu Bakıda da demişəm və yenə deyəcəm.
Çünki Azərbaycanı və onun futbolunu sevirəm. Biz ailəlikcə həmişə Azərbaycan futboluna xidmət eləmişik və yenə edəcəyik. Başqa peşəmiz yoxdur.
Mən Füzuli Cavadovun oğluyam, işlədim, ya işləmədim, gördüyümü deyəcəm. Futbolumuzun inkişafını istəyirəmsə, harada olmağımdan asılı olmayaraq, daim danışacam.
Azərbaycanda futbolun inkişafı üçün hər cür şərait var. Sadəcə, futbol adamları, futbolu sevənlər, klublarda və millidə can qoyanlar, ad-san qazananlar bu sahədə olmalıdır.
Gənclərə etimad göstərmək, onların nəticələrinə baxmaq lazımdır. Düşünürəm ki, rəhbərlik də bunu başa düşür və əlindən gələni edir.
Hər şeydə yalnız AFFA-nı günahlandırmaq düzgün çıxmaz. Məncə, AFFA da müəyyən işlər görməyə çalışır. Problemləri qabartmaq, gündəmdə saxlamaq, müzakirə etmək və iş görmək lazımdır.
Digər futbol adamları da bu prosesə qoşulsa, inanıram ki, futbolumuz yaxın gələcəkdə nailiyyətlər əldə edəcək».

