21-ci tur çərçivəsində baş tutan “Neftçi” – “Zirə” görüşü (1:1) gözlənildiyi kimi maraqlı anlarla yadda qaldı.
Qonaqların vurduğu baxımlı qol, İnqilab Məmmədovun göstərdiyi qırmızı vərəqələr, şübhəli penalti epizodu, Rəşad Sadıqovun Hakimlər Komitəsinin sədri Frits Stuxlikə göndərdiyi mesaj – bir sözlə, turun mərkəzi qarşılaşmasının adına yaraşan ab-hava idi.
Oyundan əvvəl izlədiyimiz səhnə isə bir başqa gözəllik idi.
Azyaşlı uşağın meydana ayaq basıb zirəlilərin məşq etdiyi ərazidə var-gəl etməsini, Ağabala Ramazanovla paslaşmasını futbol adına xoş görüntü hesab etmək olar.
Sonradan məlum oldu, Polad adlı balaca “Zirə”nin məşqçilər heyətində yer alan Eltun Yaqublunun oğludur.
Rəşad Sadıqovun köməkçisi həmin anın görüntülərini “instagram” hesabında paylaşıb.
HƏBİB / SPORTİNFO.AZ

