«Stadionumuzun ehtiyat meydançaları ildə iki dəfə renovasiya edilir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Bakı Olimpiya Stadionunun (BOS) mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə deyib.
BOS-da görülən işlərlə bağlı məlumat verən press-ateşe arenanın qapılarının klubların üzünə açıq olduğunu bildirib:
«Neftçi» və «Qarabağ»dan savayı, Premyer Liqanın bütün klubları stadionumuzun xidmətindən istifadə edir. Müxtəlif yaş qrupları üzrə millilər, hətta Divizion komandaları da tez-tez bura gəlir.
Qrafik sıxdır. Biz burada ancaq peşəkarlara yer veririk. Təbii qazonları həvəskarların istifadəsinə verə bilmərik.
Çünki belədə meydançanın korlanmaq ehtimalı çox yüksəkdir. Peşəkar klublarda işləyən məşqçilər buradan necə istifadə etməyi yaxşı bilir, meydançanı normal vəziyyətdə saxlamaq olur.
Bakının təbiəti elədir ki, gərək ildə iki dəfə qazonları renovasiya edək. Bir payızda, bir də yazda. Üç meydançamız var və hər dəfə növbə ilə birində yenilənmə aparırıq.
Proses bəzən bir həftədən beş həftəyə görə uzana bilir. Düzdür, renovasiya olmadan da meydançadan istifadəni davam etdirmək mümkündür.
Ancaq biz riskə getmək, otun zədələnməsini istəmirik, işimizi ehtiyatlı tuturuq. Bəzən komandalara təklif edirik ki, biriniz səhər, biriniz də axşam məşqə çıxsaz, bizim üçün də yaxşı olar.
Qazon «dincəlməlidir», onu həddən artıq yükləsək, otun kökü ziyan görəcək.
7 ilə yaxındır burada çalışıram, hələ bir dəfə hansısa klubdan narazılıq eşitməmişəm. Heç kimə deməmişik ki, bura gəlməyin.Sadəcə, qrafikə və qaydalara riayət edilməsini istəyirik».

