Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə Azərbaycan futbolunun başı növbəti dəfə yerin dibinə girdi.
Maltaya guya futbol oynamağa gedən yığma həm meydan sahiblərinə, həm də orada səfərdə olan Latviyaya qələbə sevinci bəxş etdi.
Futbolu yox dərəcəsində olan ölkələrin millilərinə uduzmaq ənənəsini davam etdirən AFFA-nın ordan-burdan yığdığı kollektivin nəticəsi bir tərəfə, göstərdiyi oyun utancverici idi. Malta ilə matçdan sonra Canni de Byazi bildirdi ki, Latviyaya məğlubiyyətin bəhanəsi olmayacaq. Latviyaya da uduzdular, amma heç vaxt demədiyi qədər bəhanələri bir-bir sadaladı. Hələ utanmadan həm heç bir işə yaramayan milliləşmiş “qocaları” tək-tək, həm də məğlub komandasını tərifləməkdən yerə-göyə sığdırmadı. Belə görünür ki, müqaviləsini uzadan de Byazi buradakı qalan dönəmini də bəhanələrlə “yola verəcək”. Təqaüd yaşını keçən 66 yaşlı məşqçi ya artıq nə danışdığını özü də bilmir, ya da azərbaycanlı futbolsevərləri ələ salır. AFFA rəhbərliyinin illərdir etdiyi kimi.
Yəqin ki, AFFA-dakılar bu yenilgilərə görə də utanmazlar. Utanan olsaydılar, çoxdan şələ-şülələrini yığıb oturduqları binanı tərk edərdilər.
Görəsən Malta toplanışı, həqiqətən də, futbol oynamaq üçün seçilmişdi, yoxsa alış-veriş məqsədilə? Hər halda hər belə səfərdən qayıdanda futbolçular da daxil olmaqla dolu çantalar təyyarəyə daşınır. Deyəsən Malta səfəri də Millətlər Liqasına yox, yeni gələn yaza hazırlıq xarakteri daşıyırdı.
Gənclər və idman naziri Fərid Qayıbovun bu vəzifəyə gəlişindən sonrakı fəaliyyəti alqışalayiqdir. Gənc nazir, həqiqətən də, işə enerjili başladı, yuxuya gedən Azərbaycan idmanını möhkəm silkələdi. Güləş, cüdo, şahmat kimi ənənəvi idman növlərimizdə federasiya prezidenti dəyişdirildi. Amma nədənsə, idmanın şahı olan futbol unuduldu. Halbuki ən çox sərmayə də, qayğı da məhz futbolumuza, futbolçularımıza edilir. Onlara ayrılan pullarla neçə federasiyalara yeni nəfəs vermək olar. Futbol idarəçilərimiz, onsuz da, Azərbaycan futbolunu 90-cı illər səviyyəsində saxlayıb. Müstəqilliyin ilk illərindən fərqli, indi pullar havada uçuşur, amma nəticə eynidir. Çox gec olmadan quyunun dibində işıqsız qalan futbolumuzu da silkələmək, AFFA-nın binasını yox, orda oturanlardan çoxunu təzələmək lazımdır.
Yoxsa, hələ çox mamedovlar, kurbanovlar – azərbaycanlı adına, soyadına oxşar top-top oynayanlar milliləşdiriləcək, cibləri bu ölkənin pulları ilə doldurulacaq. Onlar da AFFA-dan istədiklərini aldıqdan sonra yığdıqları pullarla ölkələrində kübar həyat sürəcəklər. Həmin milliləşmələr elə buradakı bəzi futbol adamlarını da zənginləşdirməkdə davam edəcək.
Şəxsi mənafe ön planda tutulmasa, korun da gördüyü yanlışlıqlardan dönülər, de Byazi kimilərin bəhanələrinə icazə verilməzdi. Bu saatdan sonra isə kəsilməli olan hökm bəllidir – KÖKLÜ İSLAHAT (apasport.az).

