Ötən ilin iyunu milli komandanın Moldova ilə yoxlama matçında ciddi zədə alan Bədavi Hüseynov arxada qalan 9 ayı futbolsuz qalmağa məcbur oldu.
Baş məşqçi Qurban Qurbanov böyük səbr və həsrətlə əsas müdafiəçilərindən sayılan Hüseynovu bir ilə yaxın gözləmək məcburiyyətində qaldı.
Əslində təcrübəli müdafiəçi ayyarım əvvəldən sağalmış və oynamağa hazır durumda idi. Amma sıx qrafikə, önəmli qarşılaşmalara rəgmən "Qarabağ"ın çalışdırıcısı risk etmək istəmədi. Yetirməsinin sağlamlığını düşünərək tam hazır olmasını gözlədi.
Hətta "Qəbələ" üzərindəki darmadağınla qələbə qazanılan görüşdə belə 30 yaşlı müdafiəçiyə şans verilmədi. Halbuki daha əvvəl "Marsel"lə hər iki qarşılaşmada və "Keşlə"yə qarşı həm kubok, həm də Premyer Liqa matçında ehtiyatda oturan Hüseynovun bölgə klubu ilə oyunda şans qazanacağı, ən azı 3-5 dəqiqə meydanda olacağı gözlənilirdi. Ki, hesab da buna imkan verirdi.
Amma Qurban Qurbanov daha iki tur da səbr edib, yalnız "Zirə" ilə matçda Bədavinin oyun həsrətinə son qoydu. O da cəmi 10 dəqiqə və hesab 3:0 olanda. Bir sözlə, əvvəlki Bədavini görməyimiz üçün aram-aram addımlar atılırdı. Bunda tək məqsəd zədənin təkrarlanmaması idi.
Amma özünü "dahi" sayan milli komandanın baş məşqçisi Canni De Byazi hamını şoka salan qərar verdi. Malta və Latviya milliləri ilə oynanılacaq yoxlama görüşlərinə son 9 ayda cəmi 10 dəqiqə oynayan futbolçu da dəvət olundu.
Psixoloji dəstəkdi deyib, üstündən keçdik. Ardınca ikinci şok qərar gəldi. Malta ilə matçın 64-cü dəqiqəsi gedir və 1-0 geridəyik. Normalda hücumu düşünməli olan məşqçi növbəti anormal qərarı verir. Aleksey İsayev Bədavi Hüseynovla əvəzlənir. Bir neçə gün əvvəl klubunda nəticəsi həll olunan oyunda cəmi 10 dəqiqə meydanda olması məsləhət bilinən oyunçunun qarşısına Maltada 30 dəqiqədən artıq oynamaq tapşırığı qoyulur. Həm də məğlub olduğumuz gərgin görüşdə.
Bu gün isə üçüncü şok xəbər gəlir - Bədavi zədəsini təzələyib. Görəsən, italiyan mütəxəssis verdiyi axmaq qərar(lar)ına görə bir futbolçunun, bir klubunun 9 aylıq əziyyətini, həsrətini, sevincini yerə vurduğu üçün utanırmı?
XANOĞLAN İMANOV

