Turan Manafovun Yunanıstandakı işləri yolunda getmir.
“Olimpiakos Volos”un maliyyə sıxıntısı yaşaması tək Turanı yox, düşərgədəki bütün futbolçuları narahat edir.
Komandanın uğursuz nəticələri sıralaması, komandada gerçəkləşən baş məşqçi dəyişikliyi, sponsorların pul vədinə əməl etməməsi klubda qeyri-müəyyənlik yaradıb. İndi hamı bir-birinin üzünə baxır, məşq etməyə belə həvəs qalmayıb.
Yunanıstanda oynamağa israr edərək yekunda “Səbail”dən ayrılan Manafov burdan gedəndən əli cəmi bir dəfə pula dəyib. Onda da cüzi məbləğlə kifayətlənməli olub.
Koronavirusa yoluxduğu dönəmdə klub rəsmilərindən lazımi diqqət və qayğını görməməsi də həmyerlimizi pərişan edib.

“Səbail”in mayın sonuna qədər “Olimpiakos Volos”a icarəyə verdiyi Turanla yanaşı, komandadakı digər futbolçular da rəhbərlikdən pulunu tələb edir. Di gəl, ortaya çıxıb söz deyən yoxdur.
Vəziyyətin bu cür olması top dalınca qaçanları FİFA-nın qapısını döyməyə məcbur edib. Artıq bəziləri vəkil və menecerləri vasitəsi ilə ali futbol qurumuna məktub göndərib. Turan da “Olimpiakos Volos”dan şikayətçidir.
Turan Manafov yanvarın 20-də müqavilə bağladığı klubda olduğu son 2 ayda cəmi 4 rəsmi oyunda meydana çıxıb. Onun “Səbail”lə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

