Şimali Makedoniyanın İtaliyaya qalib gələrək DÇ-2022-nin “pley-off”unda finala vəsiqə qazanması Avropa mətbuatının gündəmindədir.
Son Avropa çempionatının final mərhələsinin iştirakçısı olan makedoniyalılar indi də mundialın bir addımlığındadırlar.
Bu uğurlara Makedoniya Futbol Feferasiyası sistemli iş sayəsində nail olub və Avropaya səs salıb. Bəs bizim millidən belə səs nə vaxt çıxacaq?
Ümumiyyətlə, çıxacaqmı? Bu potensial bizdə varmı? Günlərdi futbol ictimaiyyətinin bir-birinə verdiyi suallar bu istiqamətdədir.
Biz də bu suallara cavab tapmaq üçün mütəxəssislə danışmağı məqsədəuyğun bildik.
Həmsöhbətim isə "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Şəmkir" kimi klublarda parlaq karyerası olmuş, Azərbaycan millisinin şərəfini qorumuş, "Neftçi"də uğurlu futbol funksioneri kimi çalışmış veteran yarımmüdafiəçi Bəxtiyar Musayevdir.
48 yaşlı mütəxəssis ilk öncə yalnız hansısa zəif milli uğur qazananda yox, hər gün futbolumuzun bu günü və gələcəyi ilə bağlı bu kimi suallar ətrafında müzakirələr aparılmalı olduğunu bildirib:
"Təəssüflər olsun ki, hər dəfə böyük futbol ənənəsi olmayan ölkələr böyük turnirlərə vəsiqə qazananda Azərbaycan futbolunun həmin ölkələrlə müqayisəsi yadımıza düşür. "Bizdə niyə olmasın" deyimi gündəm olur. Amma bunu hər gün, hər an gündəmə gətirmək lazımdır. Ki, niyə futbolumuz bu gündədir? Bəli, müəyyən mətbuat orqanları problemləri qabardır. Amma ümumi olaraq hansısa zəif milli nəticə verəndə bizim də yadımıza nəticə vermək düşür.
Futbolumuz çox acınacaqlı vəziyyətdədir. Şimali Makedoniya keçmiş Yuqoslaviya ökəsidir. Müəyyən qədər futbol ənənəsi olub. Bu gedişlə yaxın gələcəkdə nəinki Şimali Makedoniya, hətta Cəbəllütariq və San Marino kimi millilər də bizi ötüb keçəcəklər".
Musayev problemlərin yetəri qədər olduğunu, amma hər şeydən öncə işə uşaq futbolundan başlamalı olduğumuzun vacibliyini önə çəkib:
"Problemlər çoxdur. İlk öncə uşaq futbolunu inkişaf etdirməliyik. İllərdi deyilir, yazılır, amma bir nəticə yoxdur. Uşaq futbolu çox bərbaddır. Uşaqlar arasında çempionatlar çox aşağı səviyyədə keçirilir. Bəzən oyunlardakı hesablara göz gəzdirirəm - 8:0, 5:0. Və komanda sayları çox deyil. Rayonlarımızda olan durum da hamıya bəllidir. Əvvəl yenə "Bakı" və "Qəbələ"nin akademiyaları vardı. Hər bir yaş qrupu ölkə xaricində turnirlər qoşulurdu. Təəssüflər olsun ki, böhran həmin komandaların da işini yarıda qoydu. Həmin akademiyalar bir neçə il davam edə bilsəydilər indi ölkə xaricində daha çox futbolçumuz olardı. Amma buna rəğmən qısa müddətdəki fəaliyyətlə ölkə futboluna çox sayda futbolçu bəxş olunmuşdu. Yenə də inkişaf xəttini o istiqamətdə götürməliyik".
Hamı uşaq futbolundan danışır, problemlərini qabardır. Amma real işə gələndə AFFA klubları günahlandırır, klublar da AFFA-nı. Bəs əsl günahkar kimdir? Musayevi dinləyək:
"Bəli, futbolçular klublardan çıxmalıdır. Amma başqa dövlətdə yaşamırıq axı. Bilirik ki, 1-2 klub xaric digərləri müstəqil fəaliyyət göstərmir. Hamısı federasiya ilə sıx bağlıdır. Növbəti ildən Premyer Liqaya 2 klubun gələcəyi deyilir. Yəqin ki, onlar da federasiyaya yaxın idarəçilərin nəzarətində olacaq.
Yalnız "Qəbələ" xaric digər Premyer Liqa klubları Bakıda məskunlaşıb. Neçə illərdi Tovuzun, Gəncənin yüksək liqada komandası olacağı deyilir, amma olmur. Bunu mütləq etmək lazımdır. Bölgə komandalarının sayı çoxalmalıdır. Vaxtı ilə bölgələri ləğv edib, qısa müddətdə "Bakı çempionatı"na keçdilər. İndi bunun əksini etmək lazımdır. Bu məsələdə federasiyanın üzərinə böyük yük düşür. Bəzən deyillər ki, bu, bizim işimiz deyil. Amma ölkədə futbolun inkişafın istəyən qurum hər şeyə əl atmalıdır. İcra başçıları ilə görüşüb hər hansı məktəb stadionlarının açılışlarında iştirak etmək lazım deyil. Ənənəsi olan bölgələrimizdə futbol komandaları yaradılmalıdır. Düşünürəm ki, futbol sahəsinə dövlət nəzarəti güclənməlidir. AFFA əməli işə keçməlidir. Federasiyanın işi isə mütləq dövlət tərəfindən nəzarətə götürülməldir. Yəni inkişaf istəyiriksə, oturub düşünməli və iş görülməliyik. Yalandan əl qaldıran mütəxəssislər iş başında olmalı deyillər. Federasiyada belə adamlar oturmalı deyil.
Federasiyaya çox iş düşür. Onsuz da gecikmişik. İstər klublarda, istər federasiyada futbolu bilənlər çalışmalıdır. Uşaq futboluna diqqət artırılmalıdır. Çempionatının səviyyəsi qaldırılmalı, mütəxəssislərə yaxşı şərait yaradılmalı və onlardan da nəticə tələb olunmalıdır. Bunlar hər biri gecikmədən kompleks şəkildə həllini tapmalıdır. Yoxsa elə biz də onun-bunun nəticəsinə baxıb heyfslənəcəyik.
Əsas milli daxil bütün milli komandalara savadlı, nəticəyə oynamağı bacaran mütəxəssislər cəlb olunmalıdır. Amma neçə illərdi federasiya bunu ora, onu bura qoymaqla yerdəyişmələr edir. Nə vaxta kimi belə olar axı? Sözü düz deyəndən faydalanmaq lazımdır. Yalan tərif yağdıranlardan çəkinmək, qorxmaq lazımdır. Tənqiddən qaçmaq yox, nəticə çıxarmaq lazımdır. Federasiyada oturanlar düşünməlidir ki, eyni adamlarla 15 ildi dala gedirik. Axı niyə bunu düşünmək istəmirlər?
Millimiz sabiq üzvü savadlı, işini sevən və vicdanla çalışacaq mütəxəssislərə meydan verilməyin artıq zamanı olduğunu xüsusi qeyd edib:
"Bu işi sevən, sözünü deməyi bacaran peşəkarlara meydan verilməlidir. Bilən danışmır, bilməyənlər də işini itirməmək xatirinə boş-boş əl qaldırır. Bəzi mütəxəssislərin televiziyada nə danışdıqları bəlli deyil. Jurnalistlərimizdən artıq oyunu, oyunçuları təhlil edənlər var. Bu gedişlə fikirləşirəm ki, həmin jurnalistlər komandalarda baş məşqçi kimi də çalışacaq. Bir sözlə, futbolumuzda məssəb itib. Çox acınacaqlı durumdur.
Bir "Qarabağ" var. Hamı onun kölgəsində gizlənir. Düzdü, komandamızın uğurlarına biz də sevinirik. Amma bəzən adam fikirləşir ki, "Qarabağ" da uğur qazanmasın. Bəlkə onda bunlar sirkələnələr. Ki, niyə futbolumuz belə uçurumdadır? Vəziyyət çox pisdir. Milli komandalar nə vaxta kimi utandıracaq? Niyə normal bir futbolçumuz çıxmır? İllərdi pullar havaya sovrulur. Çox illəri boşa verdik, amma hələ də gec deyil".
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. 

