"AFFA-nın Mingəçevir futboluna diqqət ayırması məni çox sevindirdi, amma stadiona süni qazonun salınmasını qətiyyən istəmirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında mingəçevirli məşqçi Ramiz Məmmədov deyib.
Bilindiyi kimi, AFFA yeni tender elan edib. Buna əsasən, Bayıl və Tovuzda yerləşən stadionlarla yanaşı, Yaşar Məmmədzadənin adını daşıyan arena da iyunda təmirə bağlanacaq.
Federasiya hər üçün məkana süni qazon «döşəyəcək». Vaxtilə «Kür-Nur»un lideri olmuş sabiq müdafiəçi bu qərarın zərərinə diqqət çəkib:
«Mingəçevirin iqlimi gözəl, havası təmizdir. Bu şəhər həmişə yaşıllığın içində olub. O stadion şəhərin ən yaxşı yerində tikilib.
Futbolda ilk addımları orada atmışam və stadionun yolunu tanıdığım gündən meydançanı həmişə ideal görmüşəm.
AFFA niyə ora süni qazon salmaq istəyir, başa düşə bilmirəm. Bu, tamamilə yanlış qərardır.
Mingəçevirdə də meydança təbii olmayacaqsa, daha nə oldu..? Bu qərarı verənlər məgər bilmir ki, Mingəçevirdə təbii ota qulluq etmək problem deyil?
Bunun üçün sadəcə, meydançaya bir az qulluq eləmək lazımdır. Torpaq şoran, yaxud gil deyil ki, normal ot çıxmasın. Yumşaq və münbit torpaqdır.
Son illərdə stadiona baxan olmayıb deyə, meydança bərbad vəziyyətə düşüb. AFFA Mingəçevirdə futbolu inkişaf etdirmək istəyirsə, süni qazon salmaq fikrindən daşınmalıdır.
Süni qazon futbolçuların «evini yıxır». Keyfiyyəti nə olur-olsun, heç biri təbii meydançanın yerini vermir.
Gördüyüm qədərilə, Mingəçevirin futbol ictimaiyyəti bu qərarın əleyhinədir. İnanmaq istəyirəm ki, AFFA səhvini anlayacaq və qərarını dəyişdirəcək».
Stadion sonuncu dəfə 2009-cu ildə təmir olunub. 16000 nəfər tutumu olan arena Gənclər və İdman Nazirliyin strukturuna daxil olan Mingəçevir Gənclər və İdman İdarəsinin balansındadır.
Şəhid Yaşar Çələbi oğlu Məmmədzadə”Azərbaycan bayrağı“ ordeni ilə təltif edilmiş Mingəçevirin “Yenilməz batalyon”unun komandiri olub.

