Mahir "Dinamo"da təzyiqə dözəcək, yoxsa icarəyə veriləcək? - VİDEO

15 Mart 2022 13:00 Problem 1 287
Mahir "Dinamo"da təzyiqə dözəcək, yoxsa icarəyə veriləcək? - VİDEO

Qalmaqallı hadisələr son aylarda Mahir Emrelini qarabaqara izləməkdədir.

Onun çıxış etdiyi “Dinamo” Xorvatiya çempionatında "Hayduk"la qarşılaşmadan (0:0) öncə hücuma məruz qalıb.

Splitdəki derbiyə gələn komandanın avtobusuna yerli fanatlar yad əşyalar atıblar. “Dinamo”nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb.

Oxşar hadisə komanda stadiona yaxınlaşanda da baş verib, lakin xəsarət alan olmayıb.

Mahir Polşa "Legiya"sından məhz azarkeşlərlə insidentə görə ayrılıb. 2021-ci il dekabrın 12-də Varşava klubu Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar.

Onlar Azərbaycan millisinin hücumçusunu, həmçinin braziliyalı Lukinyası döyüblər. Nəticədə hər iki oyunçu klubdan ayrılmağı qərara alıb. Emreli Xorvatiyaya, Lukinyas isə ABŞ-a - "Nyu-York Red Bulls"a keçib.

Yağışdan çıxıb, yağmura düşmək buna deyirlər. Mahir «Qarabağ»da oynayanda, dünya-aləm vecinə deyildi, bilirdi ki, iki dünya bir olsa da, Qurban Qurbanov arxasındadır, geri çəkilməyəcək.

O, bu gün də ikinci Qurban Qurbanovu axtarır. Avropanın bu başından o başına yollanıb, yenə də gözü hər yerdə keçmiş hocasının bənzərini arayır.

Hələlik belə birini tapmayıb və tapana da oxşamır. Həmin şəxsi Azərbaycanda qoyub gedib və yəqin ki, Qurban Qurbanov sözünü yerə salan bu gənci bağışlamayacaq.

Mən Splitdəki hadisənin Mahiri qorxutmasından narahatam. Onsuz da, «Dinamo»da işləri yağ kimi getmir. Bir aydan artıqdır Xorvatiyadadır, hələ əsas heyətdə möhkəmlənməyib.

Baş məşqçi Jelko Kopiç yığmamızın hücumçusunun formaya düşmədiyini fikirləşir və riskə getmir. Belə nə qədər davam edəcək, bilinmir.

Sürəc uzun çəksə, «Dinamo»nun Mahiri yayda icarəyə verməsini də istisna etmirəm.

Zaqreb klubu həmyerlimizlə 4,5 illik müqavilə imzalayıb, gəl ki, gələn mövsüm Çempionlar Liqasında qrup mərhələsinədək irəliləmək istədiyindən, Kopiçin heyəti gücləndirmək məqsədilə rəhbərlikdən yeni transferlər istəməsi gözləniləndir.

Elə olsa, 25 yaşlı azərbaycanlı legioner ehtiyat skamyadan tərpənə bilməyəcək.

Təzyiqlə üzləşməyi xoşlamayan Mahir bu ssenariyə hazırdırmı? Ağır sualdır. «Dinamo» Xorvatiyanın brend klubudur, iddialıdır, azarkeş ordusu tələbkardır.

Özəlliklə legionerlərə münasibətdə. «Dinamo»da əcnəbilərin sayı 11-dir və hər biri zaqrebli fanatlari yaxşı tanıyır və çəkinir.

Düzdür, «Dinamo» rəhbərliyi «Legiya»dakı həmkarları kimi ağıldankəm davranmır, ultra-azarkeş qruplarını futbolçularının üstünə qaldırmır, döydürmür – bu kimi şeylərdən uzaqdır.

Amma… Amma ki, bu klubun tərəfdarı kimisə «qaraladısa», onun yaxasını sakit buraxmayacaq, gününü qara edəcək.

İstənilən xorvatiyalı idman jurnalistindən soruşun, mən deyəni təsdiqləyəcək. Odur ki, Mahir vəziyyətin ciddiyətini anlamalı, tezliklə «Dinamo» tərəfdarına özünü göstərməli, bacarsa, sevdirməlidir.

Tələsməli, daha artıq çalışmalılır. Sabah gec ola bilər.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti