“Mahirin yoxluğuna ən yaxşı cavab kimi Lukinyasın bizimlə birlikdə hazırlığa qatılmasına çox şad olduğumu deməliyəm”.
Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyinə münasibət bildirərkən deyib.
Serbiyalı mütəxəssis söyləyib ki, Emrelinin yoxluğu barədə çox düşünmür:
“Mahir Emrelinin bizimlə birlikdə olmaması məni nə qədər narahat edir? Narahat olmağa can atan insanlardan olsaydım, yəqin ki, bura gəlməzdim.
Təbii ki, bununla bağlı vəziyyət təxmin etdiyimizdən daha çətindir. Amma bilirəm ki, dəyişə bilər.
Üstəlik, düşərgədə bir qrup oyunçumuz var ki, onlarla işləməli və vaxt keçirməliyəm. Mahir məsələsi ilə məşğul olmamalı, müxtəlif səbəblərdən bir neçə oyunçu ilə ayrıldığımız üçün ağlamamalıyıq”.
Mahir Emreli “Legiya”nın Dubay toplanışına qoşulmayıb. O, Varşavada yerli azarkeşlərin hücumuna məruz qaldığı və başından xəsarət aldığı üçün klubu ilə müqaviləsinin qarşılıqlı razılıqla pozulmasını tələb edib.

