“Everton”dan 584 dəqiqəyə qədər – Qurban Qurbanovun dəyişə bilmədiyi adam

6 Yanvar 2022 20:00 Problem 3 263
“Everton”dan 584 dəqiqəyə qədər – Qurban Qurbanovun dəyişə bilmədiyi adam

Daha bir azərbaycanlı futbolçu üçün Avropa macərası başa çatdı.

Ötən mövsümün “Bursaspor”da keçirib, yayda “Etnikos”la anlaşan Araz Abdullayev Kiprə ikinci səfərində duruş gətirə bilmədi.

Avqustun 23-də “Apollon”la matçda “Etnikos”da debüt edən milli üzvü üçün yanvarın 3-də “Doxa” ilə qarşılaşma sonuncu oldu.

Arazın komandası bu müddətdə 15 oyun keçirdi ki, həmyerlimiz 12 görüşün iştirakçısı oldu. 7-də əsas heyətdə meydana çıxdı, 5-də əvəzetmədən.

Cəmi 584 dəqiqə şans qazandı. Bu müddətdə Abdullayev 2 sarı vərəqə və 1 qol ötürməsi ilə fərqləndi.

3 il əvvəl elə həmin Kiprin “Anortosis”ində öz oyunu ilə diqqətləri üzərinə çəkməyi bacaran “solaxay” bu dəfə legioner adını doğrulda bilmədi.

Komandadan ayrılmasında əsas səbəb də son zamanlar lazımi qədər şans qazanmaması və baş məşqçinin ondan istədiyini ala bilməməsiydi.

11 il əvvəl bəh-bəhlə “Everton”a göndərdiyimiz, lakin İngiltərə Premyer Liqasında siftəsini görə bilmədiyimiz Araz sonradan legioner kimi Yunanıstan “Panionios”unda cəmi 9 oyunda forma geyinmişdi.

2017-18 mövsümündə “Anortosis”də keçirdiyi 1 ildə 34 oyunda vurduğu 3 qol və verdiyi məhsuldar ötürmələrlə yadda qalmışdı.

Ötən mövsümdə Türkiyəyə üz tutmuş, Birinci Liqada çıxış edən “Boluspor”un formasında 26 oyunda rəqib qapılarına 2 dəfə yol tapmışdı.

İllər öncə istedadı ilə ölkəyə səs salan Araz Abdullayev, təəssüf ki, parlamadan söndü. İntizamsızlığı, özündən razılığı, bəzi hallarda ərköyünlüyü karyerasını məhv etdi.

Hətta Qurban Qurbanov kimi mütəxəssisin əlinə düşməsi də Arazın dəyişməsinə kömək etmədi. “Qarabağ”da oynadığı dönəmdə Bayraq Meydanı yaxınlığında şəxsi avtomobili ilə şou göstərməsi yaddaşlardan silinməyib.

Qısası, ölkənin ən parlaq futbolçularından birinin parlamasına göz şahidi olmaq qismət olmadı bizə. Apreldə 30 yaşı tamam olacaq.

Bundan sonra ikinci cavanlığını yaşayacağı inandırıcı deyil. Birinci cavanlığı nə olmuşdu ki?!

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti