“Bəzən deyirlər ki, yaşlı futbol adamları cavanların uğur qazanmasını istəmir, onları irəli çəkmir.
Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verlişdə sualları cavablandıran mütəxəssis bir məqama diqqət çəkib:
“Futbolda çalışan adamlar arasında bir-birinin uğuruna sevinmək yoxdur. Mən bunun canlı şahidi olmuşam.
Dövlət mənə fəxri ad verdi, heç çox adam zəng vurub təbrik etmədi. Gördüm ki, sevinən yoxdur.
Niyə axı? Niyə belə olmalıdır? Gənclər danışmağı yaxşı bilir. Amma ortaya iş qoymaq lazımdır".
"Şöhrət" ordenli Ağasəlim Mircavadov 2018-ci ildə idmanın inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"nə layiq görülüb.
İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncamdan sonra Prezidentin özü tərəfindən şəxsən təltif olunub.

