“Bu gün millidən nəticə istəyirik, düzdür?
Söhbət hansı nəticədən gedir? Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq?”
Ölkənin sayılıb-seçilən futbolçularından olmuş, “Karvan”, “Standart”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” kimi komandaları çalışdırmış Yunis Hüseynov Sportinfo.az-a açıqlamasında milli mövzusu ilə bağlı sualı suallarla cavablandırıb.
Hüseynovun fikrincə, millinin “sükanı” arxasında kimin dayanmasından asılı olmayaraq, ölkənin bir nömrəli komandasından nəticə tələb etmək absurddur.
“Niyə”sini bu cür əsaslandırıb:
“Deyək ki, Canni de Byazi ilə 1 xal topladıq, sabah başqası gəldi xalımız 1 yox, 4-5, yaxud 7 oldu. Məgər bu, bizə nəsə verəcək?
Nə dəyişəcək? Hə, deyək ki, azarkeşlərdə, futbol ictimaiyyətində ümid yarandı. Sonra? Nəticə baxımından heç nə verməyəcək axı bizə.
Bu gün nəticədən danışırıqsa, mötəbər turnirlərin final mərhələsinin davasını etməliyik, qrupda sonuncu olmamağın davasını yox”.
Yunis bəy söhbətin davamında bu sözləri italiyalı mütəxəssisin tərəfini tutmaq niyyəti ilə demədiyini bildirib. Gətirdiyi əsasların məğzi ölkədə uşaq futbolunun bərbad durumda olduğuna görədir:
“Material” olmayandan sonra gələcəyə ümid etməyə dəyməz. Bu gün ölkədə Avropa səviyyəsində oynaya biləcək 10-15 futbolçu yoxdursa, böyük turnirlərdən danışmaq mənasızdır.
Əsas yığmadan nəticə istəyiriksə, ilk növbədə uşaq futbolunda inkişafa nail olmalıyıq. Və həmin uşaqlar 20-22 yaşına çatana qədər müəyyən təcrübəyə sahib olmalıdır ki, sabah onlardan nəsə gözləyək, tələb edək.
Özümdən götürürəm, futbolçu kimi yetişməyimdə Konstantin Abramenkonun əməyi olub. Allah ona rəhmət eləsin! Yaxşı məşqçidən əlavə futbolçunun “qabı”nda olmalıdır.
“Qabı”nda yoxdursa, məşqçi ha “rəndələsin”, xeyri yoxdur.
Rəhmətlik Kostya dayı guya mənə “topu ayağının içi ilə belə saxla”, ya da “havayla gələn topu sinənlə filan istiqamətə çevir” deyirdi? Vallah, demirdi. Özümüz futbollara baxıb, öyrənirdik, məşqlərdə həyata keçirirdik.
Aşağı yaş qruplarından ibarət millilərə baxaq, U-17, U-19, lap elə U-21. Bu komandalarda gələcəyin ulduzu gözündə gördüyümüz kimsə var?
100 nəfərin arasında 1 nəfər ola, ya olmaya. Eyni tempdə davam edirik, hamısı bir-birinə oxşayır.
“Bəli, 7-8 il əvvəl bacarıqlı gənclər var idi. Həmin uşaqlar vaxtında legioner həyatı yaşayıb “artırsaydı”, bu gün nəyəsə nail ola bilərdik”.
HƏBİB

