Prokuror deyir ki... Onları ölümdən qoruyan futbol

27 Noyabr 2021 23:40 Problem 467
Prokuror deyir ki... Onları ölümdən qoruyan futbol

Sahibkar Oscar Daniel Hol albinosları qorumaq üçün qeyri-ənənəvi üsul seçdi.

Onun aydın məramı vardı: albinoslar həyatdan həzz almalı, gizlənməməli və qorxmamalıdırlar.

2008-ci ildə Tanzaniyada qeyri-adi futbol klubu – "Albino Yunayted” yaradıldı.

Bir qədər qorxulu səslənir, amma albinosları xilas etmək, onların digər insanlardan heç bir fərqinin olmadığını sübut etmək üçün məhz futbol seçilmişdi. Tanzaniyada albinoslara davamlı olaraq hücum edilir və onların bədən hissələri külli miqdarda vəsaitə satılır.

Niyə belədir?

Dünyada orta hesabla 18-20 min nəfərdən biri albinizmdən əziyyət çəkirsə, Afrika ölkələrində rəqəmlər tamamilə fərqlidir: Cənubi Afrikada 4, Tanzaniyada isə hər 1,5 min nəfərdən biri. Niyə belədir? Tanzaniyada albinizm ən çox OCA2 genindəki eyni mutasiyadan qaynaqlanır. Elm adamlarının fikrincə, əsas səbəb qohum nikahlarıdır. Lakin hələ də yekun və birmənalı elmi rəy yoxdur.

4 bədən üzvü 75 min dollara satılır

Ölkədə 30 mindən çox albinos olmasına baxmayaraq, yerli əhali onları tam hüquqlu insanlar hesab etmir. Tanzaniyada inanırlar ki, albinosların bədən üzvlərindən hazırlanmış iksir və amuletlər uğur gətirir, xəstəlikləri müalicə edir. Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin 2009-cu ildə açıqladığı hesabatda göstərilirdi ki, ölkənin iri şəhəri Dar-əs-Salamda albinosun bədəninin 4 üzvü – qulaq, burun, dil və cinsi orqanı 75 min dollara satılırmış. Bu orqanlar varlı müştərilər tərəfindən alınır ki, cadugərlər onların biznes və siyasətdə uğurlu karyera qurmasını təmin etsinlər.

Prokuror deyir ki...

BMT-nin açıqlamasına görə, 2000-2016-cı illərdə Tanzaniyada 75 albinos öldürülüb. Amma Tanzaniya hakimiyyəti də etiraf edir ki, real rəqəm daha yüksəkdir. Ailələr belə uşaqlardan qurtulmağa çalışırlar. Əksər hallarda, doğuşdan dərhal sonra. Onları ya albinos alverçilərinə satır, ya da internat məktəbə verirlər. Yəni albinosların cəmiyyətdə yaşamaq şansı çox azdır. 2009-cu ildən sonra Tanzaniyada albinos qatillərinə ölüm hökmü çıxarılır. Ancaq prokuror Beatric Mpembo deyir ki, həbs olunanların yalnız 5 faizi cəzalandırılır. Çünki öldürülən albinosların valideynləri istintaqla əməkdaşlıqdan imtina edirlər.

Pandemiya vaxtı artan hücumlar

2015-ci ildə Tanzaniya hökuməti cadugərliyi qanunla qadağan etdi. 200-dən çox cadugər həbs olundu. Ancaq bu da nəticə vermədi. Albinoslara hücumlar yenə də davam edir. BMT-dən bildirilir ki, pandemiya zamanı bu hücumlar bir qədər də artıb. İzah sadədir: maddi sıxıntı yaşayan afrikalılar albinoslara görə pul qazanmaq istəyirlər.

Sahibkarın seçdiyi qeyri-ənənəvi üsul

2008-ci ildə tanzaniyalı sahibkar Oscar Daniel Hol albinosları qorumaq üçün qeyri-ənənəvi üsul seçdi. Dar-əs-Salamda "Albino Mecik” futbol komandasını yaratdı. Daha sonra cadugərlərlə assosiasiya kimi başa düşülməsin deyə, klubun adını "Albino Yunayted”ə dəyişdi. Holun aydın məramı vardı: albinoslar həyatdan həzz almalı, gizlənməməli və qorxmamalıdırlar. Komanda yeni yarananda ancaq yoldaşlıq görüşləri keçirirdi. Amma daha sonra hakimiyyətdən dəstək gəldi və "Albino Yunayted” Tanzaniyanın 3-cü divizionunda çıxış etməyə başladı. Debüt mövsümündə komanda 4-cü yeri tutdu. Digər şəhərlərə gedərkən komandanı silahlı mühafizəçilər müşayiət edirdi. İlk vaxtlar futbolçular azarkeşlər tərəfindən təhqir olunurdular. Mövsüm sona yaxınlaşdıqca, təhqirlər, demək olar ki, səngidi. 2011-ci ildə Oskar Hol qürurla deyirdi: "Tanzaniyanın paytaxtında və böyük şəhərlərdə albinoslara hörmət etməyə başlayıblar. Meydanda olanda hamı bizə adi futbol komandası kimi baxır. Bu, futbolun və "Albino Yunayted”in möcüzəsidir.

"Real” və "Barselona”nı birləşdirən layihə

2010-cu ildə FİFA klubu CAR-da keçirilən dünya çempionatına dəvət etdi. Buna qədər isə albinos futbolçular Didye Droqba ilə görüşdülər. Amma əsas möcüzə sonra yaşandı. 2015-ci ildə ispan rejissor Xose Manuel Kolonun "Ağ dərili qara adam” səndəli filimi ekranlara çıxdı. Bundan sonra iki əzəli rəqib – "Real” və "Barselona” albinos futbolçulara kömək etmək üçün ortaq layihədə birləşdilər. 2017-ci ildə isə "Everton” kluba dəstək oldu. İngiltərə klubu Dar-əs-Salamda bir neçə yoxlama görüşü keçirdi. Komandanın futbolçuları "Uxuru” stadionunda "Albino Yunayted”in oyunçuları ilə görüşdülər, birgə məşq keçdilər, yeni formalar hədiyyə etdilər. 2018-ci ildə isə "Simba” və "Yanq Afrikans” klublarını Tanzaniyanın əsas stadionuna albinos uşaqlar çıxartdılar. Amma problemlər hələ də var. Ona görə də, aparıcı Avropa klubları bu tip layihələrə qoşulmalıdırlar ki, futbolun sayəsində albinosların həyatını xilas etmək mümkün olsun (kaspi).

Tural Muxtar

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?