"Azərbaycanda elə böyük bir şirkət yoxdu ki..." - SPONSORSUZLUQ DƏRDİ

20 Noyabr 2021 23:00 Problem 1 278
"Azərbaycanda elə böyük bir şirkət yoxdu ki..." - SPONSORSUZLUQ DƏRDİ

Futbol sahəsində Qazaxıstanla Azərbaycan eyni durumdadı.

Hər iki ölkənin futbol federasiyası yığmaların uğur qazanması üçün yetərincə maliyyə ayrısa da, ortada nəticə yoxdu.

DÇ-2022-nin seçmə mərhələsində həm Qazaxıstan, həm də Azərbaycan qrup sonuncusu olmaqla azarkeşlərini məyus etdi.

Bizdən fərqli qazaxların hesabında 3 xal olsa da, Talqat Baysufinovun yetirmələrinin qrup mərhələsinin sonunda Fransaya 0:8 hesabı ilə məğlub olması federasiya, ölkə rəhbərliyini radikal addımlar atmağa məcbur edib.

Artıq şərq qonşularımız başa düşməyə başlayıblar ki, büdcədən ayrılan miyonlar havaya sovrulur, boş yerə xərclənir. Və bu səbəbdən 2022-ci ildən dövlət tərəfindən federasiya ayrılan dotasiya kəsiləcək.

Sportinfo.az xəbər verir ki, bu haqda yerli federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlamasında bildirib.

Onu da əlavə edib ki, növbəti ildən federasiyanın büdcəsi UEFA-dan ayrılan maliyyə hesabına formalaşacaq. Həmçinin bura sponsor gəlirləri cəlb olunacaq.

Maraqlıdı, AFFA da Qazaxıstan Futbol Federasiyasının addımını təkrarlaya bilərmi? Təkrarlayarsa, ölkə futbolunun aqibəti necə olar?

Bu suala cavab tapmaq üçün artıq tarixin yaddaşına köçmüş “Bakı”nın vitse-prezidenti, funksioner kimi böyük təcrübəyə malik Yaşar Seyidovla danışmağı lazım bildik (Futbol+):

“Arzu edək ki, o qərar bizdə qəbul olunmasın. Çünki bu gün real duruma obyektiv yanaşsaq, görərik ki, federasiya istər premyer-liqa, istərsə də birinci divizionda oynayan komandalara dəstək olur. Ola bilsin, Qazaxıstanda elita və birinci dəstədə mübarizə aparan klublara iş adamları, hansısa qurumlar sponsorluq edir. Amma bizdə vəziyyət fərqlidi. Bu gün AFFA klublara dəstək olmasa, bir-ikisini çıxmaq şərtilə başqalarının liqalarda iştirakında ciddi problemlər ola bilər. Biz daha yaxşı, alternativ variant seçə bilərik. Fikrimcə, futbolun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunsa, daha yaxşı olar. Bununla həm futbolun inkişafına nail olarıq, həm də dövlətin bu sahədə yükünü azaldarıq. Bu addım atılacağı təqdirdə bizim kimi futbolu bilən şəxslərin bilik və bacarığından da istifadə olunmalıdı. Qazaxıstan variantı ilə bizdə çətin ki, nəyəsə nail olaq. Daha düzgün, ağlabatan, futbolun inkişafı üçün qərarların qəbul olunmasının tərəfdarıyam. Ola bilsin, Qazaxıstanda hansısa səbəblərə görə o addım atılıb. Düzdü, bu gün millinin nəticələri bizi məyus edir. Ancaq buna görə hər şeyin üstündən xətt çəkmək düzgün deyil”.

Seyidov bizimlə söhbətdə sponsorlar məsələsinə də toxundu:

“İş adamlarına müəyyən güzəştlər təklif etməklə futbola sərmayə qoymasına çalışmaq lazımdı. Bu gün hamı yığmanın uğursuzluğundan danışır. Sizə bir nümunə göstərim. Azərbaycanda elə böyük bir şirkət yoxdu ki, mən ora müraciət etməyim. Onlardan istəyim yerli uşaqların Avropa klublarına yollanmasına yardımçı olmalarıdı. Bildiyiniz kimi, vaxtilə bu təcrübədən yararlanmışıq. Fransa, İspaniya təmsilçiləri ilə dostluğumuz hələ də davam etməkdədi. Təəssüf ki, heç bir şirkət 3-5 yeniyetməni öz hesabına xaricə göndərmək istəmir. Ancaq hamı danışır, futbolumuzun durumundan narazılıq edir. Halbuki istedadlı yeniyetməyə indi sərmayə qoysan, bir neçə ildən sonra onun bəhrəsini yığmada görə bilərsən. Bəlkə də həmin gəncin gələcəkdə dəyəri bəzi premyer-liqa klubların büdcəsindən çox olacaq. Hamı düşünür ki, mən burdan nə qazanacam? Sən birinci sərmayə qoymalısan, sonra nəyisə tələb etməlisən. Bizdə fikirlər dəyişməlidi. Fikir dəyişməsə, istəyirsən 100 qərar verilsin, heç nəyə nail olmaq mümkün olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti