"Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi..."

28 Sentyabr 2021 15:30 Problem 855
"Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi..."

“Təbii, qarşısını ala bilərdilər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Minsk qrupunun həmsədrləri və ya başqa amillər bu savaşın qarşısını ala bilərdilərmi? Əslində, qarşısını necə almalı idilər?” sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib ki, onlar bu təzyiqi etmədilər: “Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər.

Digər tərəfdən, mən Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə dəfələrlə müraciət etdim ki, Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik.

Bilirsiniz, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi bu danışıqlar, yəni, müzakirə prosesinə də çox böyük zərbə vurdu. Çünki onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi, yəni, danışıqlar iflic vəziyyətinə düşmüşdü. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?