Rahidlə Antoşkanın fərqi

20 İyun 2021 20:00 Problem 1 293
Rahidlə Antoşkanın fərqi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Portuqaliya – Azərbaycan matçında debüt edən Aleksey İsayevi erməni dostu təbrik etdi.

Azərbaycan yığmasının şərəfini qoruyan İsayev də “intstaqram”da uşaqlıq dostuna “təşəkkür edirəm, qardaşım”, - deyə minnətdarlığını bildirdi.

Ölkənin idman mediası bu məsələni qabartdı, erməniyə “qardaşım” deməyin milli üzvünə yaraşmadığını vurğuladı. Hətta bir qədər radikal fikirli həmkarlarımız “Aleksey bir daha ölkənin əsas komandasına dəvət olunmamalıdı” tipli çıxışlar etdi. Sonu necə oldu? Canni de Byazi medianın acığına Qətərlə yoxlama görüşündə İsayevi ilk dəqiqələrdən meydana buraxdı. Həmin vaxt bir çoxumuz, o cümlədən mən də “insandı, səhv edib, futbolu siyasətlə qarışdırmayaq” dedik, İsayevi bağışlamağın tərəfdarı olduğumu bildirdik.

Bu olayın üstündən çox keçməmiş, cəmi 3 ay sonra daha bir “milliləşdirilən” futbolçu diqqət mərkəzinə düşdü. Söhbət 17 yaşında öncə “Sumqayıt”a gətirilən, ancaq müəyyən səbəbdən “milliləşdirilməsi” mümkün olmayan, sonradan “Neftçi”yə keçən və üzünə bütün qapılar açılan Anton Krivotsyukdan gedir. Bildiyiniz kimi, Anton bu yay ölkənin ən köklü klubunu Polşa “Visla”sına dəyişdi. İlk baxışdan bu keçidə “xeyrli-uğurlu olsun” deməliydik.

“Futbolçumuz Avropaya köçdü” deyib, transferə sevinib, şıllaq atmalı, çəpik çalmalı, “yutub”da yaxşı bir oyun havası qoyub oynamalıydıq. Ona görə ki, bizdən biri olmasa da, milli üzvünün legioner həyatı yaşaması vurğulanası məsələdi. Ancaq çox təəssüf ki, sevincimiz ürəyimizdə qaldı... “Visla”nın Antoşkanın təqdimatı ilə bağlı hazırladığı videorolik kefimizə soğan doğradı (bəlkə də bu heç bəzilərinin vecinə də deyil). Panlar, özlərini tarixi Reç-Pospolita taxt-tacının davamçısı kimi təqdim edən polyaklar Antoşkanın təqdimatı zamanı əvvəlcə Azərbaycanın ən köklü klubu olan “Neftçi”nin şəklini yerə atdılar, ardınca isə tərbiyəsizlik edib Azərbaycan bayrağını ayaq altına tulladılar. “Milliləşdirilən”, Azərbaycanın pulları hesabına ağ günə çıxan, doğma vətəni Ukraynada əsgərlikdən yayındığına görə vətən xaini kimi axtarışda olan Antoşka isə heç nə olmayıbmış kimi çox bəxtəvər görünürdü, kameralar qarşısında gülərək poz verirdi. Klubun adı və loqosu olan şəklin yerə atılmasına hardasa göz yummaq, avropadakıların yeniliyi kimi qəbul etmək olar. Bəs Azərbaycan bayrağının ayaq altına tullanmasına nə ad verəsən? Görəsən, Antoşka kimi bu yay Polşa “Legiya”sına transfer olunan Mahir Emreli bu rəzalətə göz yumardı? İnanmıram. Çünki Mahir təmiz qanlı azərbaycanlıdı, özümüzdən olan milli üzvüdü. Antoşka isə Azərbaycan pasportu ilə təmin olunan yüzlərkə futbolçudan biridi, ona görə də onun üçün vətən, bayraq, himn anlayışı yoxdu. Dədə-baba yurdu olan Ukraynada fərari kimi axtarışda olan, sonradan burda qazandığı pullarla cinayət işini bağlatdıran biri üçün müqəddəs heç nə yoxdu. Yəqin ki, millinin çalışdırıcısı De Byazi üçün də bu məsələnin heç bir əhəmiyyəti yoxdu. Sentyabrda baş tutacaq seçmə mərhələ oyunlarına Antoşka legioner kimi ilk növbədə dəvət alacaq.

Bu yerdə daha bir xəbər diqqətimi cəlb etdi. Millinin qapıçılarla işləyən məşqçisi Sergey Kramarenkonun çalışdığı Moskva ÇSKA-sında baş məşqçi dəyişikliyi olub. Rəhbərliklə yola getməyən İvitsa Oliç istefa verib və əvəzinə müvəqqəti də olsa, Aleksey Berezutski “hərbçilər”in baş məşqçisi təyin olunub. Alekseyin təyinatı ilə işim yoxdu. Əkiz qardaşların ordu klubu üçün xidməti danılmazdı. Ona köməkçi kimi erməni Roman Babayanın təyinatının isə bizə birbaşa aidiyyatı var. Belə ki, yığmanın qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko yığma ilə yanaşı, adını çəkdiyim klubda da çalışır. Belə çıxır ki, Kramarenko ilə Babayan səhər, günorta və axşam yeməyində eyni masa ətrafında əyləşəcəklər, bir yerdə çörək kəsəcəklər. Qafqazada isə çörək kəsməyin hansı məna daşıdığını ermənilərdən başqa hamı yaxşı bilir. Bu həmin Babayandı ki, onu “Tobol”a baş məşqçi təyin edəndə Qazaxıstanda uğurlu karyera quran Emil Balayev klubdan ayrıldı, erməni ilə bir yerdə olmasın, onunla üz-üzə gəlməsin deyə ağrımayan başına dəsmal bağlamadı. Görək eyni addımı gəncəli Sergeyin oğlu atacaq, yoxsa pulun xatirinə hər şeyə göz yumub, erməni ilə səhər-axşam bir yerdə çörək kəsəcək? Kimsə ortaya çıxıb deməsin ki, futbolu siyasətə qatma, dağla aranı qarışdırma. Belə düşünənlərə yalnız bir söz demək istəyirəm: indiki zamanda futbol, ümumiyyətlə, idman ən böyük siyasətdi və bunu istənilən şəxsə faktlarla sübut edə bilərəm.

P.S. Bugünlərdə Qusarda oldum, Kamran Əlibabayevin yubiley tədbirlərində iştirak etdim. Tədbir çərçivəsində “Şahdağ” və “Neftçi” veteranları arasında yoldaşlıq görüşü keçirildi. Matçdan öncə Veteranlar İttifaqının sədri Oqtay Abdullayev israrla Rahid Əmirquliyevdən “Neftçi” tərəfdən oynamasını istəyirdi. Rahidin ona cavabı belə oldu: “Müəllim, sizə böyük hörmətim var. Ancaq yaddan çıxarmayın ki,10 il “Xəzər Lənkəran”ın şərəfini qorumuşam, komandanın kapitanı olmuşam. Mən heç vaxt “Neftçi” fomasını geyə bilmərəm”. Onun bu sözləri hələ də qulağımdadı. Bu Rahidin mövqeyi, o da Antoşkanın (Futbol+)...

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti