“Bəlkə hörmət xatirinə çempionluğu “Neftçi”yə güzəştə gedərik”

15 May 2021 13:20 Problem 2 013
“Bəlkə hörmət xatirinə çempionluğu “Neftçi”yə güzəştə gedərik”

“Qarabağ” ilə “Neftçi” arasında gedən ciddi çempionluq mübarizəsi bu iki klubun azarkeşlərini narahat etməyə bilməz.

Çempionatın sonuna 1 tur qalmış hələ bilinmir ki, bu yay Çempionlar Liqası kimi mötəbər turnirdə ölkəmizi hansı klub təmsil edəcək: “ağ-qaralar”, yoxsa “köhlən atlar”?

Paytaxt klubunun azarkeşi, tanınmış bəstəkar və ziyalı Eldar Mansurovla danışıb fikirlərini paylaşmışdıq ki, onun söylədikləri ictimaiyyət arasında geniş əks-səda doğurmuşdu.

Eldar bəy “Qarabağ”ı komanda saymadığını bildirməklə yanaşı, ağdamlıların qatı azarkeşi olan, Milli Məclisin üzvü Aqil Abbasın da “bostanına daş atmışdı”.

Bu dəfə Aqil bəyə tribuna verməyi lazım bildik. Görəsən, Aqil Abbas çempionluq uğrunda mübarizədə hansı komandanı şanslı sayır, Eldar bəyin dediklərinə necə reaksiya verir?

- Futbol azarkeşi kimi, yəqin ki, premyer-liqada çempionluq uğrunda gərgin mübarizənin getdiyindən xəbəriniz var...
- İnanıram ki, “Qarabağ” növbəti dəfə çempionluğu bayram edəcək. Düzdü, Ağdam klubunun futbolçularının ayaqlarını qırıb-sındırıb zədələyiblər. Buna baxmayaraq, onların uğur qazanacağına inanıram. Bu da onların Qarabağın azad olunmasına töhfələri olacaq. Çempionluq kubokunu götürüb “İmarət”ə gedəcəklər. Gələcəkdə də inanıram ki, Allah qoysa, Gözəl bəy Ağdamdakı stadionu tikəcək. Uğurlar arzulayıram hamıya. Bilirsiz, bəzən ayrı-seçkilik edirlər. Ancaq mən “Qəbələ”nin oyununu izləmək üçün Bakıdan Qəbələyə gedirəm. Ölkə kubokunun Naxçıvanda təşkil olunan finallarını da yerində izləmişəm. Bilirsiz, niyə? Çünki futbolu sevirəm və çox arzulayıram ki, bölgə təmsilçilərinin sayı artsın. Çox təəssüf edirəm ki, bu il də birinci divizionda çıxış edən bölgə klubları elitada oynamaq üçün lisenziya ala bilmədilər. Bakıda 6 komanda saxlamağın nə adı var? Sonuncu yeri tutan komandanın əvəzinə Tovuz, Gəncə klubunu premyer-liqaya yüksəltsinlər. Gəncə klubu hələ “Neftçi”nin “Neftçi” olan vaxtında güclülər dəstəsində çıxış edib. “Neftçi” o vaxtlar Azərbaycan yığması sayılırdı. Həmin “Neftçi”nin şərəfini qoruyan əsas oyunçular hardan gəlirdi? Təbii ki, bölgə təmsilçilərindən. Tovuz futbol məktəbinin az qala 100 yaşı var. Bir dəfə də mən əsəbləşib tovuzlulara xitabən bir yazı yazmışdım: “Olmayan Ağdam, olan Tovuz”. 2003-cü ildə mən “Qarabağ”ın təsisçiliyindən çıxmışam, əvəzimə Gözəl bəy gəlib. Olmayan Ağdam. Qaçqın rayon həmin komandanı saxladı, imkan vermədi ki, elitadan düşsün, avrokuboklarda iştirakına zəmin yaratdı. Nə çətinliklə biz o komandanı qoruyub saxladıq. Pis çıxmasın, qapı-qapı düşüb ağdamlılardan pul yığmışıq. Məsələn, məktub yazırdım rayonun imkanlı insanlarına və orda qeyd edirdim ki, salam, 100 min manat ver. O vaxtkı 100 min heç də az pul deyildi. Və buna görə də sənə “sağ ol” demirik. Zəng edirdilər ki, Aqil müəllim, bəs məktubun altında yazdığın nədi? Cavab verirdim ki, 100 minə “sağ ol” düşmür. Bu sənin borcundu. 200 min göndərsən, sənə təşəkkür edərik. Bilirsən ki, az-çox orda xətrimi istəyirlər, hamı da sözümü qəbul edirdi (gülür). İndi Tovuzun milyonçuları var ki, Allah daha da artıq eləsin. Şəmkirin milyonçular var, daha da artıq olsun. Rəhmətlik Saşa (Şahbaz Süleymanovu nəzərdə tutur) ilə Aslan Aslanov “Şəmkir”i saxlayırdı. Rza var idi Gəncədə, “Neftbaza”nın müdiri, “Kəpəz”ə hər cür şərait yaratmışdı. İndi Gəncədə ondan pullu adamlar var. Ancaq təəssüf ki, komandaya baxmırlar. Tovuzda, Şəmkirdə Saşadan imkanlı insanlar var... Elementar fakt deyim sizə: olmayan Ağdamın icra başçısı Həsən Sarıyev hər il komandaya ən azı 50 min dollara qədər pul verirdi. İndi Gözəl bəy komandaya baxır və çox yüksək səviyyədə saxlayır. Mən bu gün “Sumqayıt”a çox azarkeşlik edirəm. Niyə? Ona görə ki, o komandada yerli futbolçuların sayı çoxdu. Ancaq məni bir məsələ narahat edir. Niyə komandanın adı “Sumqayıt”dı? O şəhərin SSRİ çempionatında “Polad” adlı komandası olub. Niyə o adı bərpa etmirlər?

- Dəfələrlə müsahibələrinizdə “vaxtilə flaqman “Neftçi” idisə, indi “Qarabağ”dı” demisiz. Ancaq tanınmış bəstəkar Eldar Mansurov qəzetimizə müsahibəsində sizin fikirlərinizlə razılaşmadığını, “flaqman həmişə “Neftçi” olub və olacaq” dedi. Onun sözlərinə münasibətinizi bilmək istərdik.
- “Neftçi” də mənə doğmadı, əzizdi. Vaxtilə olduğu kimi, indi də bu komandaya azarkeşlik edirik. “Neftçi” birvaxtlar ölkənin bir nömrəli komandası olub. Ötən əsrin sonlarında bir də Kirovabad “Dinamo”su olub ki, bir mövsüm güclülər dəstəsində çıxış edib. Əslində “Neftçi” Bakı komandası olmayıb, SSRİ dönəmində Azərbaycan yığması idi. Orda bizim millətin nümayəndələri ilə yanaşı, rus, erməni, osetin, çeçen də oynayıb. Onlar bizim vətəndaşlar olubsa, deməli, “Neftçi” milli komanda olub. Necə ki, indi ordan-burdan gətirib futbolçuları “milliləşdiririk”, onda da “Neftçi” onu edirdi. Bu gün “Qarabağ” önə keçibsə, buna sevinmək lazımdı. “Neftçi” olub, qoy “Qarabağ”ımız da olsun. Ayrı-seçkilik etmək düz deyil.

- Belə çıxır ki, Eldar Mansurovun dedikləri ilə razılaşmırsız...
- Mən Eldar müəllimin xətrini çox istəyirəm. Gözəl insandı, dostdu.

- Bu gün kiməsə işinə, cəmiyyət qarşısında xidmətlərinə görə qiymət verməyək. Sırf azarkeş kimi fikirlərinizi bilmək istəyirik.
- Futbolu kim sevirsə, mənim dostumdu. “Neftçi”nin flaqman ola bilməməsinin səbəbini deyim sizə?

- Deyin.
- Ayda-ildə bir məşqçi, prezident dəyişməklə uğur qazanmaq olar? Komandanı bir adama tapşırarlar və ona da vaxt verərlər. Tərlan Əhmədov komanda aşağı pillədə olanda “sükanı arxasına” gətirildi. Həmin “Neftçi” o mövsümdə mükafatçılar sırasına düşdü. Tərlanı qovub yerinə başqa adam gətirdilər. Belə flaqman olmur. Qurban Qurbanov “Qarabağ”a davət olunanda bir neçə il “məhsul” verə bilmədi. Ancaq ona dəymədilər, inandılar. Və Qurbanov həmin etimaddan yararlanıb, öz komandasını yaratdı. Neftçi”nin ən böyük səhvi tez-tez istər rəhbərlik, istərə də baş məşqçi dəyişikliyindədi. Son 8 ildə o klubda neçə baş məşqçi çalışıb? Hələ mən prezidentdən danışmıram... Müşahidə Şurası yaradıldı. Çox hörmətli yazıçımız Çingiz Abdullayev onun sədri oldu. Müşahidə Şurası nə edə bilər? Bu gün Azərbaycanda klub yox, komanda var. Klubun 50-100 min üzvü olur, İdarə Heyəti formalaşır. İdarə Heyətinin üzvləri arasından prezident seçilir və klubu idarə edir. Daha bizdəki kimi yox. “Sumqayıt”ın prezidentini gətirib “Neftçi”yə təyin etdilər. Dədə, prezidenti seçirlər, təyin etmirlər.

- Eldar müəllim müsahibəsində onu da deyir ki, Aqil Abbas gedib öz işi ilə məşğul olsun...
- Məndən yaşca kiçik olsa da, ağsaqqaldı. Sənətkar kimi ona böyük sevgim və hörmətim var. Mən elə öz işimlə məşğulam. Futbol da mənim bir işimdi. Yəqin o bilmir ki, mən o komandanın yaradıcılarından, təsisçilərindən, ən ağır günlərində prezidenti olmuşam. Bir dəfə demişəm və yenə sözümün üstündə dururam: mən futbolu Berti Foqtsdan da, Canni de Byazidən də yaxşı bilirəm. Məni yığmaya baş məşqçi qoysalar, De Byazidən daha yaxşı nəticə qazanaram. Milli uduzanda futbolçu və baş məşçi ağlamırsa, o komanda komanda ola bilməz. Hər kəs işini sevərək yerinə yetirməlidi. De Byaziyə 2-3 tərcüməçi, 5-6 da qulluqçu veriblər. Qurbanı isə bir ildən sonra yola saldılar. Yəqin xatırlayırsız, Foqtsu 6 il saxladılar, sonda bizimkiləri şantaj etdi. Eldar Mansurov mənə ağır söz də desə, heç vaxt cavab vermərəm.

- Və sonda: “Neftçi”, yoxsa “Qarabağ”?
- Təbii ki, “Qarabağ” deyəcəm. Bəlkə növbəti illərdə hörmət xatirinə çempionluğu “Neftçi”yə güzəştə gedərik. Ancaq bu il “qızıl” Ağdam klubunun olacaq. Ən azı mən buna inanıram və ümid edriəm ki, komanda sonda məni pərişan etməyəcək (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti