“İnsanlar qızmar yay günündə evdə oturmaq istəmirsə...” - İnfeksionistdən xəbərdarlıq

14 Aprel 2021 02:28 Problem 1 314
“İnsanlar qızmar yay günündə evdə oturmaq istəmirsə...” - İnfeksionistdən xəbərdarlıq

Son günlər dünyada koronavirusa yoluxanların sayı 136 641 901 nəfərə qədər yüksəlib.

Virusdan ölənlərin ümumi sayı isə 2 949 409 xəstə olub.

Azərbaycanda da bu günə kimi koronavirusa yoluxan 285 993 nəfərdən 3 915-i ölüb. Bizimlə qonşu olan ölkələrdə də - Türkiyədə (3 849 011), İranda (2 070 141) da virusa yoluxanların sayı durmadan artır.

Hazırkı durumda yenidən qapanmalara gediləcəkmi, yoxsa başqa çarə var?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə son epidemioloji vəziyyət barədə məlumat verib: “Epidemioloji vəziyyət gündəlik yüksək qiymətləndirilir. Xəstəlik kəskindir, yoluxma sayı yüksəkdir, gündəlik yoluxma 2500, 2800 arasında dəyişir. Düzdür, birinci gün testlərin sayı az olur, o da laboratoriyalarda müəyyən profilaktik işlərlə bağlıdır. 2500-2800 say da rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlərdə bu say 2-3 dəfə çoxdur. Tutaq ki, ailədə 4 nəfərdilər, onlardan yalnız bir nəfər test verir. Qalanları isə evdə müalicə olunur. Statistikadan kənarda qalan xəstələrin sayı kifayət qədərdir. Digər tərəfdən, test verməyə qorxan xəstələr də var ki, adı portala düşəcək, evdən çıxa bilməyəcəklər deyə test vermirlər. Bu baxımdan, xəstə olub, test verməyən insanların sayı bir neçə dəfə çoxdur". İnfeksionist son günlər yoluxanların xəstəliyi ağır keçirməsindən narahtlığını bildirib: “Hazırda xəstəlik əlamətləri qısa zamanda baş verir.

İnfeksionist:

Vüqar Cavadzadə

Xəstəliyin gedişatı kəskin olur, tez ağırlaşma baş verir. 2-3 gün ərzində KT müayinəsində ətraflı dəyişikliklərin olduğu aşkarlanır. Yüksək hərarət güclü əzələ ağrıları ilə müşahidə olunur. Xəstəlik müalicəyə çətin tabe olur. Xəstələrin əksəriyyəti qısa zamanda xəstəxanaya düşür. Bu da xəstəxanaların həddindən artıq yüklənməsinə, həkimlərin əziyyət çəkməsinə səbəb olur. Heç kim istəməz sərt karantin tətbiq olunsun. Amma insanlarımız da anlamalıdır ki, elə vəziyyət yaratmalıyıq ki, sərt karantinə gedilməsin. Son günlər maska taxmayan insanların sayı çoxalıb. Qapalı məkanlarda vaxt keçirənlərin sayı artıb. Üzü yaya doğru gedir, qapanma olarsa qızmar yay günündə evdə oturacağıq. Ötənilki yay kimi. Qaydalara riayət edilsin ki, qapanmaya getməyək".

V.Cavadzadə vaksindən sonra ölüm hallarının olması xəbərinə də aydınlıq gətirib: “Peyvənd olunanların vəfat etməsi barədə məndə məlumat yoxdur. Ümumiyyətlə, peyvənddən ölüm halı hələ dünyada təsdiq olunmayıb”. Bu arada ölkəmizdə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 177 087 təşkil edib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə vaksinlərlə bağlı narahatlığını dilə gətirib. O, qəzetimizə bildirib ki, hazırda müşahidə olunan yoluxma saylarının artımı paralel olaraq peyvəndləmənin də sürətinin artırılmasına zərurət yaradır. Azərbaycanlı alim qeyd edir ki, əks halda başqa bir təhlükə yarana bilər: “Ölkədə ”İmmunescape" mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər. Yəni peyvəndlər virusa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu, gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xətlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir.

Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmağa inamsızlıq yaranırsa, bununla bağlı təpki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək COVİD-lə mübarizənin ən əsas elementləridir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin".

Nəsib Quliyev

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə uşaqların koronavirusu ağır keçirmədiyi qənaətindədir. O deyib ki, 1 il 4 aydan artıq müddətdə davam edən COVİD-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər: "Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir».

Baş pediatr uşaqlarda virusun bu əlamətlərlə yadda qaldığını deyib: “Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir. Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır".

Afaq MİRAYİQ

Digər Xəbərlər
Xəbər Lenti