“Azərbaycanda futbol biznes deyil, dövlət üçün yükdür”

20 May 2020 09:28 Premyerliqa 706
“Azərbaycanda futbol biznes deyil, dövlət üçün yükdür”

Koronavirus səbəbindən təxirə salınan futbol çempionatları artıq start götürməyə başlayıb.

Ötən həftə Almaniya Bundesliqasına start verildi. Hər kəsin maraqla gözlədiyi İspaniya La Liqası gələn ayın 12-də başlayacaq.

Ümumiyyətlə, 12-13 iyun tarixlərində hər kəsin maraqla gözlədiyi bir sıra ölkələr var ki, onlarda futbol yarışlarına başlama qərarı veriləcək. Bu dövlətlər sırasında İngiltərə, İtaliya, Türkiyə kimi adlar var.

Avropada bəzi ölkələr də var ki, orada çempionatların başlama vaxtı qeyri-müəyyəndir. Azərbaycan bu sıradadır. Ölkəmizdə nə zaman Premyer Liqanın start götürəcəyi məlum deyil.

Doğrudur, başlayan çempionatların azarkeşsiz keçirilməsi bu idman növünə marağı olanları məyus edir. Hətta bu formada başlamaqdansa, bir müddətlik çempionatların təxirə salınmasının tərəfdarı olanlar da az deyil.

Amma istənilən halda Azərbaycanda futbol yarışlarında qeyri-müəyyənliyin olması müzakirələr sırasındadır. Sportinfo.az-ın yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a açıqlamasında ölkə çempionatının keçirilməməsinin heç bir əhəmiyyətinin olmadığını qeyd edib:

“Avropanın aparıcı ölkələrində futbol biznes növüdür. Deməli, futbol həm də iqtisadiyyatdır, gəlirdir. Özü də böyük məbləğdə gəlir. Ona görə də bu ölkələrdə futbol çempionatının davam etdirilməsində hər kəs maraqlıdır, klublar da, sponsorlar da, hökumət də, media da.

Amma Azərbaycanda futbol biznes deyil. Onun heç bir gəliri yoxdur. Futbol dövlət üçün yükdür. Çünki bütün klublar, demək olar ki, dövlətdən maliyyələşir.

Bu maliyyə karantin müddətində də kəsilməyib. Yəni futbolçular, klub rəhbərləri evdə otura-otura əvvəlki məvaciblərini alırlar. Belə olan təqdirdə, dövlət əlavə riskə girməyə lüzum görmür və düşünürəm ki, düz də edir.

Dövlət deyir ki, futbol təsərrüfatına bütün vəsaiti verirəmsə və bu vəsait azalmayıbsa, onda koronavirusa görə əlavə risk almağa ehtiyac yoxdur. Yəni Azərbaycanın futbol çempionatı keçirilməsə, hər hansı klub qara qəpik də ziyan görmür. Nə bilet satışı, nə də teleyayımdan gələn gəlir var.

Futbolçular da, məşqçilər də, klub rəhbərliyi də əvvəlki məvaciblərini alırlar. Bu, hamıya sərf edir. Futbolçulara da, klub rəhbərliyinə də. Dövlət də koronavirusa görə əlavə riskdən azad olur.

Azarkeşlərə isə Azərbaycan çempionatı gərək deyil. Onsuz da Azərbaycan çempionatına heç kim baxmırdı. Almaniya, İspaniya çempionatlarının davam etdirilməsi azarkeşlər üçün yetərlidir.

Karantin dövrü göstərdi ki, heç Azərbaycanda futbola bir o qədər də ehtiyac yoxdur. Burada yalnız medianın işi bir qədər problemli görünür. Çünki çempionat olmadıqca, mövzu qıtlığı yaşayırlar.

Bilirsiniz, əslində mövzu qıtlığı olmamalıdır. Çünki futbol təsərrüfatımızda o qədər problemlər var ki, çempionat oyunlarından yazmağa gərək yoxdur.

Amma idman mediası o problemlərdən yaza bilmədiyi üçün məcburdur ki, məsələn, ”Sumqayıt" məşqə çıxdı" tipli xəbərlər versin. “Sumqayıt” da məşqə çıxmayınca, mövzu qıtlığı yaranır.

Düşünürəm ki, media bu problemi də həll edər. Bundan sonra Almaniya, İspaniya çempionatları haqda yazarlar. Oxucunu bu çempionatlarla bağlı xəbərlər daha çox cəlb edir.

Ona görə də idman yazarı kimi, məni Azərbaycan çempionatının başlamaması qətiyyən narahat etmir. Nə mövzu qıtlığı çəkirəm, nə də Azərbaycan futbolçu üçün darıxıram".

Digər Xəbərlər
Xəbər Lenti