Gənc həmkarından Şahin Diniyevə "xoş gəldin" - Çox çətindir, çox!

28 Yanvar 2023 23:40 Premyerliqa 670
Gənc həmkarından Şahin Diniyevə "xoş gəldin" - Çox çətindir, çox!

“Şamaxı” – “Səbail” görüşündən əvvəl əksəriyyət qonaqları daha şanslı hesab edirdi.

Bayıl klubu qış fasiləsində yeni transferlə güclənmiş, elə həmin “Şamaxı”nın əsas liderlərindən sayılan Adil Nağıyev geri qaytarılmışdı.

Bir sözlə, komanda daha geniş və itkisiz heyətlə matça hazır idi.

Bundan başqa yeni çalışdırıcı Şahin Diniyevin uzun illərə söykənən təcrübəsini də unutmaq olmazdı.

Amma meydan sahibləri ilə bağlı yenə də xoş gələcəkdən danışmaq riskli idi. Çünki komandanın problemləri yetəri qədərdir. “Şirlər” qış fasiləsində legionersiz mövsümü başa vurmaq qərarına sadiq qaldı.

Heyətdə olan təcrübəli futbolçulardan Adil Nağıyevlə yollar ayrıldı, Elvin Məmmədov zədə səbəbindən tribunada, zədədən yeni qayıdan Amil Yunanov isə ehtiyat skamiyada oturmuşdu.

Gəl bu vəziyyətdə ortaya sanballı iş qoy da. Çox çətindir, çox!

Amma 90 dəqiqənin sonu göstərdi ki, mümkünsüz deyilmiş.

İlk hissəsi bərabər səviyyəli oyunla yadda qalan matç qonaqların minimalhesablı qələbəsi ilə başa çatdı.

Fasilədə proqnozların gerçək olacağına inam daha da gücləndi.

Amma bölgə klubu ikinci yarıya fırtına kimi başladı. Təbii ki, bunda baş məşqçi Cavid Hüseynovun oyuna kritik müdaxiləsi önəmli rol oynadı.

O, ilk hissə boyunca mövqe səhvlərinə yol verən, lazımsız top itkiləri ilə yadda qalan mərkəz müdafiəçisi Arsen Ağcabəyovu dayaq yarımmüdafiəçisi Emin Zamanovla əvəzlədi.

Belədə oyuna dayaq mövqeyində başlayan Nihad Quliyev Arsenin yerinə keçdi.

Sanki bir qərarla bölgə klubunda daşlar öz yerinə oturdu. Zamanov ortanı, Quliyev də arxadakı boşluqları qısa müddətdə nizama saldı.

Xüsusilə Nihadın oyunun qeyd etmək yerinə düşər. "Səbail"in əsas hücum gücü Qakpanın yer aldığı sol cinahda cəm olmuşdu.

Buraxılan qol da həmin cinahdan, bu futbolçudan gəlmişdi. 21 yaşlı futbolçu kritik müdaxilələri ilə cinahın ikinci yarıdakı fəaliyyətin iflic etməyi bacardı.

Aramsız hücumlar isə çox keçmədi öz bəhrəsini verdi. 57-ci dəqiqədə Bahadur Həziyevin ötürməsindən sonra Emil Qasımov bərabərlik qolunu vurdu.

Amma meydan sahibləri bununla da sakitləşmədi. Meydanda üstün tərəf yenə onlar idi. Hiss olunurdu ki, məqsəd qələbə qazanmaqdır.

Zaman keçdikcə gücün azaldığının fərqinə varan məşqçilər korpusu əvəzetmə dalğasına start verdi. Sona 12 dəqiqə qalmış ardıcıllıqla Rövşən Şahmuradov, Elçin Mustafayev və Amil Yunanov döyüşə atıldı.

Məhz qol da sonuncunun dəqiq penal zərbəsindən sonra gəldi. Bununla da “Şamaxı” çox önəmli oyunda vacib 3 xalla sonuncu pillələrdən uzaqlaşdısa, ilk altılığın da həndəvərində yer almış oldu.

Görünür, "Səbail" sonuncu pillədən qurtulmaq üçün hələ çox əziyyət çəkməli olacaq. 6 ildən sonra baş məşqçi kimi Premyer Liqaya qayıdan Şahin Diniyev ilk oyunundaca gənc həmkarına boyun əydi.

Halbuki münasib rəqiblə oyunda 3 xal böyük arzu idi. Amma vəziyyəti düzəltməyə zaman var. Onun bu zamandan necə istifadə edəcəyini isə qarşıdakı turlar göstərəcək.

XANOĞLAN İMANOV

Xəbər Lenti