“Öyrəncəliyik” – Millidən “Qarabağ”a qayıdan “Şah”

23 Noyabr 2022 15:00 Premyerliqa 800
“Öyrəncəliyik” – Millidən “Qarabağ”a qayıdan “Şah”

Azərbaycan millisinin yoldaşlıq görüşlərini qələbə ilə başa vurması gələcəyə inamı artırıb.

Canni de Byazinin yetirmələri Millətlər Liqasında ardıcıl 3 qələbənin ardınca səfərdə Moldova (2:1) və Şimali Makedoniyanı məğlub etməyi bacardı – 3:1.

Təxminən 1 həftəlik toplanışdan sonra yığma üzvləri komandalarına qoşulub, Premyer Liqanın 15-ci turun oyunlarına hazırlaşır.

“Qarabağ”ın və Azərbaycan seçməsinin qapıçısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a açıqlamasında hazırkı durumundan söz açıb:

“Ardıcıl qələbələrdən sonra hər birimizin əhvalı yüksəkdir. Bu gün üçün vəziyyət yaxşıdır. Amma qarşıdakı matçlarda da uğurlu nəticələrlə azarkeşləri sevindirməliyik.

Millidəki oyunlardan sonra iki günlük istirahət imkanımız var idi. Bu gündən “Qarabağ”da məşqləri bərpa edirik.

Çempionatın qızğın vaxtında milliyə getməyə, sonra geri qayıtmağa öyrəncəliyik.

Yəni bu dəfəki toplanışın mənfi mənada nəyəsə təsir edəcəyini düşünmürəm. Bu əhval-ruhiyyəni qorumaqla növbəti matçlarda uğurlu nəticələrə ümid edəcəyik”.

“Qarabağ” Premyer Liqada növbəti görüşünü noyabrın 28-də “Azərsun Arena”da “Zirə”yə qarşı keçirəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

HƏBİB

Xəbər Lenti